Türkiyənin Konya vilayətinin Çumra rayonundakı Türkmen Karahöyük qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı təxminən 3 500 il yaşı olan luvi heroqlif yazılı daş möhür və Roma dövrünə aid qızıl dua aşkarlanıb.
Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, Mişel Rüzgar Massa bildirib ki, tapılan qızıl dua eramızın IV-V əsrlərinə aiddir. Onun sözlərinə görə, dua mis qutunun içərisində yerləşdirilmiş cəmi 0,1 millimetr qalınlığında qızıl lövhədən hazırlanıb və üzərində böyük ehtimalla İncildən bir hissə yazılıb.
Massa qeyd edib ki, dua kiçik bir uşağa məxsus olub və onu müasir dövrdə istifadə olunan nəzər muncuğu ilə müqayisə etmək olar. O vurğulayıb ki, bu tip tapıntılar olduqca nadirdir və məlum olan oxşar nümunələrdən biri Almaniyada aşkar edilib.
Qazıntılar zamanı tapılan daş möhürün üzərində isə luvi heroqlif yazısı həkk olunub. Mütəxəssislərin sözlərinə görə, möhürdə "Kurunti-ziti" adı və titul qeyd edilib. Bu ad Hitit dünyasında mühüm yer tutan Kurunta tanrısı ilə əlaqələndirilir.
Arxeoloqlar hesab edirlər ki, bu tapıntılar e.ə. 1500-1400-cü illərdə Türkmen Karahöyüyün mühüm inzibati mərkəz olduğunu göstərir. Onların fikrincə, möhür həmin dövrdə bölgədə dövlət idarəetmə sistemi və bürokratik iyerarxiyanın mövcudluğunu təsdiqləyən mühüm sübutlardan biridir.
Günay
Şərhlər