Dünyanın ən yaxşı çimərliklərini müəyyən etmək üçün peyk məlumatları, iqlim şəraiti və 93 mindən çox istifadəçi rəyi əsasında geniş araşdırma aparılıb. Nəticədə ABŞ-ın Vircin Adalarında yerləşən "Trunk Bay" dünyanın ən yaxşı çimərliyi seçilib.
Qaynarinfo xəbər verir ki, araşdırma Beach.com tərəfindən hazırlanıb. Reytinq tərtib edilərkən 58 turizm eksperti, məzmun istehsalçısı və yerli nümayəndənin rəyləri toplanıb, ümumilikdə 226 çimərlik qiymətləndirilib.
Araşdırmada NASA-nın "MODIS-Aqua" peyk məlumatlarından istifadə olunaraq çimərliklərdə suyun rəngi və şəffaflığı təhlil edilib.
Bundan əlavə, nəqliyyat əlçatanlığı, ətraf mühit, təqdim olunan imkanlar və ümumi atmosferi qiymətləndirmək üçün "Google Maps" platformasında yerləşdirilən 93 mindən çox istifadəçi rəyi analiz olunub.
Qiymətləndirmə zamanı çimərliklərin ən yaxın beynəlxalq hava limanına məsafəsi və ilin hansı dövrlərində istirahət üçün əlverişli olması da nəzərə alınıb.
Araşdırmanın nəticələrinə əsasən, ABŞ-ın Vircin Adalarındakı Sent-Con adasında yerləşən "Trunk Bay" dünyanın ən yaxşı çimərliyi seçilib.
Mütəxəssislər çimərliyi firuzəyi və şəffaf suları, yumşaq ağ qumu, milli parkın ərazisində yerləşməsi və il ərzində təxminən 10 ay əlverişli hava şəraiti ilə fərqləndiriblər.
Səyahət məzmunu müəllifi Savanna Krouell bildirib ki, "Trunk Bay" arxasındakı dağ mənzərəsi, firuzəyi dənizi və təbii gözəlliyi ilə unikal istirahət məkanıdır.
Reytinqdə ikinci yeri Yunanıstanın Krit adasında yerləşən "Elafonissi Beach" tutub. Çəhrayı rəng çalarlarına malik qumu və dayaz laqunu ilə tanınan çimərlik xüsusilə uşaqlı ailələr üçün əlverişli hesab olunur.
Xorvatiyanın Braç adasındakı "Golden Horn Beach" ("Zlatni Rat") siyahıda beşinci olub. Çimərlik təmiz dənizi və fərqli sahil forması ilə məşhurdur.
Portuqaliyanın Alqarve bölgəsində yerləşən "Praia da Falesia" isə doqquzuncu pillədə qərarlaşıb. Mütəxəssislər çimərliyi qorunub saxlanılmış təbii landşaftı və təsirli sahil mənzərəsinə görə yüksək qiymətləndiriblər.
Dünyanın ən yaxşı 10 çimərliyi
1. "Trunk Bay" – Sent-Con, ABŞ Vircin Adaları
2. "Elafonissi Beach" – Krit, Yunanıstan
3. "Grace Bay Beach" – Törks və Kaykos adaları
4. "Flamenco Beach" – Puerto-Riko
5. "Golden Horn Beach" ("Zlatni Rat") – Xorvatiya
6. "Palolem Beach" – Hindistan
7. "Sandy Point National Wildlife Refuge" – Sent-Krua, ABŞ Vircin Adaları
8. "Playa Balandra" – Aşağı Kaliforniya Sur, Meksika
9. "Praia da Falésia" – Alqarve, Portuqaliya
10. "Eagle Beach" – Aruba
Aydın
Şərhlər