İtaliyanın Dolomit Alp dağlarında yerləşən məşhur "Tre Cime di Lavaredo" (Lavarado Üç Zirvəsi) ətrafında turist axını kəskin artıb.
Qaynarinfo xəbər verir ki, "Daily Mail"in yazdığına görə, sosial şəbəkələrdə yayılan görüntülər və blogerlərin paylaşımları nəticəsində bölgədə saatlarla davam edən növbələr yaranıb.
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş əraziyə hər gün minlərlə turist axışır. Onların əsas məqsədi məşhur dağ mənzərəsi fonunda foto çəkdirməkdir.
Ötən həftə sosial şəbəkələrdə yayılan videoda Misurina kəndində yüzlərlə turistin uzun növbədə avtobus gözlədiyi əks olunub. Təxminən hər 30 dəqiqədən bir Kortina-d'Ampezzo şəhərinə hərəkət edən avtobuslar artan sərnişin axınının öhdəsindən gəlməkdə çətinlik çəkir.
Bir vaxtlar sakit istirahət məkanı hesab olunan bölgədə yaşayanlar turist axınının əsas səbəbkarı kimi sosial media fenomenlərini göstərirlər. Sosial şəbəkələrdə yayılan videolara çoxsaylı tənqidi rəylər yazılıb.
"Bir zamanlar bu yerləri demək olar ki, heç kim tanımırdı", deyə istifadəçilərdən biri qeyd edib.
Başqa bir istifadəçi isə "Bu artıq turizm deyil" fikrini bölüşüb.
Digər şərhdə isə turistlər "influenserlərin arxasınca gedən qoyunlar" adlandırılıb.
İstifadəçi Andrea Palonta bildirib ki, dünyanın ən gözəl ölkələrindən birində insanların yalnız sosial şəbəkələrdə populyarlaşan bir neçə məkana axın etməsi düzgün deyil.
Fabrizio Şiandra isə Dolomitlərin artıq ciddi ekoloji təzyiq altında olduğunu vurğulayıb.
"Turizmdən gələn gəlir vacibdir, amma hər şeyin bir həddi var. Ətraf mühit, biomüxtəliflik və təbiətin görünüşü zərər görür. Bəzi ərazilər son illərdə xüsusilə ağır yüklənməyə məruz qalıb və onları qorumaq lazımdır", deyə o bildirib.
"Corriere della Sera"nın məlumatına görə, nəqliyyat sıxlığına bir neçə amil təsir edib:
* üç günlük yağışdan sonra əlverişli hava şəraiti;
* şatl avtobuslarda yerlərin məhdud olması;
* biletlərin alınmasının uzun çəkməsi.
Ətraf mühit məsələlərinə cavabdeh yerli məmur Nikola Bombassei vəziyyəti "qəbuledilməz" adlandırıb.
Onun sözlərinə görə, region bu il turist sayına görə rekord göstəriciyə çatıb. Hakimiyyət artıq ikinci ildir ki, əraziyə girişə məhdudiyyət tətbiq edir və ziyarətçiləri sıxlığın qarşısını almaq üçün biletləri əvvəlcədən onlayn bron etməyə çağırır.
Rəsmilər həmçinin turist axınının tənzimlənməsi üçün yeni həll yolları üzərində işlədiklərini bildiriblər.
Əvvəllər bölgədə kanat yolunun tikilməsi təklif olunsa da, tənqidçilər bunun qorunan əraziyə nəqliyyat vasitələrinin sayını məhdudlaşdıran mövcud kvota sisteminə zidd olduğunu qeyd edirlər.
"Dolomiti Bus" şirkətinin direktoru Qabriyele Mariani turist axınının artması səbəbindən avtobus reyslərinin sayının artıq artırıldığını bildirib.
Bölgədəki sıxlığa baxmayaraq, sosial media fenomenləri ideal şəkillər çəkmək üçün müxtəlif məsləhətlər paylaşmağa davam edirlər.
Bir "TikTok" blogeri turistlərə "Kortina-d'Ampezzo"dan 10 avroya avtobusla gəlməyi və mümkün qədər erkən yola çıxmağı tövsiyə edib.
Onun sözlərinə görə, pik saatlarda növbədə 45 dəqiqəyədək gözləmək lazım gələ bilər. Şəxsi avtomobillə gələnlər isə ödənişli yola buraxılmaq üçün parkinq yerini əvvəlcədən bron etməlidirlər.
Başqa bir bloqer marşrutu saat əqrəbi istiqamətində keçməyi, digəri isə gün batımını "Passo Giau" aşırımında izləməyi məsləhət görür. Onun sözlərinə görə, burada mənzərə eyni dərəcədə təsirlidir, lakin turist sayı təxminən 80 faiz azdır.
Digər istifadəçilər isə bu cür tövsiyələrin paradoks yaratdığını bildirirlər: insanlar izdihamdan qaçmaq üçün daha erkən gəlir, viral videolar çəkir və nəticədə bölgəyə daha çox turist cəlb olunur.
Blogerlərin sözlərinə görə, "Tre Cime di Lavaredo" yaxınlığındakı parkinqdən istifadə qaydaları da sərtləşdirilib. 40 avroluq icazə yalnız 12 saat qüvvədədir. Avtomobil bu müddətdə ərazini tərk etməzsə, sürücü tam günlük ödənişi yenidən etməli olur.
Dolomitlərin digər məşhur məkanı olan "Seceda" dağında isə panoramik baxış nöqtəsinə giriş üçün 5 avro ödəniş tətbiq olunub. Bildirilir ki, özəl torpaq sahəsinin sahibləri əraziyə giriş üçün yenidən turniket quraşdırıblar.
Aydın
Şərhlər