Son günlər manatın dollara nisbətən bahalaşmasından istifadə edən banklar məzənnə manipulyasiyası hesabına böyük gəlirlər götürmək istəyir. Dolların son hərracdakı məzənnəsi 1.8251 AZN müəyyən edilsə də, bəzi banklarda dolların alış-satış məzənnəsi rəsmi rəqəmdən də aşağı olub. Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, iqtisadçı ekspert Azər Mehtiyev açıqlamasında bildirib ki, bu yolla bankların böyük gəlirlər götürmək cəhdləri iqtisadi sabitləşməyə, həm də əhalinin əksər təbəqələrinə böyük zərbə vurur:

"Banklar dollar alışı ilə bağlı dəhşətli səviyyədə manipulyasiya edirlər. Bir çoxları dolların alış kursunu həm kəskin azaldıblar, həm də lövhələrdə belə göstərmirlər. Məqsəd son günlər manatın bahalaşması dalğasında panikanı artırmaqla əllərdə olan dolları ucuz alıb kurs fərqindən böyük qazanc götürməkdir. Əlbəttə ki, kommersiya qurumları olan bankların mənfəət üçün özlərinə sərf edən addımlar atmasını haradasa başa düşmək olar, amma bundan zərbə alan milli valyutaya olan etimad məsələsidir. İndiki durumda manatın sabitliyini təmin etməklə iqtisadiyyatda olan son dərəcə böyük qeyri-müəyyənliyi azaltmaq investisiya mühiti baxımından çox önəmlidir. Amma bankların məzənnə manipulyasiyaları hesabına böyük gəlirlər götürmək cəhdləri iqtisadi sabitləşməyə, həm də əhalinin əksər təbəqələrinə böyük zərbə vurur. Hökumət insanların əlinə manat düşən kimi qaçıb dollar almasını istəmirsə, onda manatın məzənnəsində nisbi sabitliyə nail olmaq önəmlidir. Bu cür "məzənnə oyunları"ndan itirən əhali, zərbə alan isə ölkə iqtisadiyyatı olacaq".
Qeyd edək ki, qlobal bazar üzrə məlumatlara əsasən, dollar manata qarşı 2,75% ucuzlaşıb və hazırda məzənnə 1,8252-dir. Bu, dolların dünya bazarındakı əsas valyutalara olan münasibəti üzrə qeydə alınan ən böyük ucuzlaşmadır.
Famil Zərgərli
Qaynarinfo.Az