"Barselona"nın daha bir yetirməsi kluba qayıdıb.
Qaynarinfo xəbər verir ki, La Liqa nəhənginin sabiq ulduzlarından olan Boyan Krkiç də klubda çalışacaq. La Masiyada böyüyən və bir müddət adından söz etdirən 31 yaşlı futbolçu klub televiziyasında şərhçi olacaq.
Andres İnyesta ilə birlikdə Yaponiya klubu "Vissel Kobe"də çıxış edən Krkiç zədə səbəbindən bir müddət yaşıl meydanlardan uzaq qalacaq. İspan futbolçu "Barça TV"də şərhçi kimi çıxış edəcək. Krkiç daha əvvəl də İspaniyada idman yazarı və futbol şərhçisi kimi çalışırdı.
Serb əsilli futbolçu 1990-cı ildə İspaniyada anadan olub. "Barselona"nın akademiyasında bu idman növünün sirlərini öyrənməyə başlayan Krkiç 2007-ci ildə 17 yaşında A komandasına yüksəlib. Krkiç əsas komandada ilk dəfə debüt edəndə Lionel Messi ilə müqayisə olunurdu. Onu "Barselona"nın gələcəyi kimi görürdülər. Lakin Krkiçin karyerası gözlənilən istiqamətdə irəliləmədi. Ümidləri doğrultmayan futbolçu 2011-ci ildə 12 milyon avroya "Roma"ya transfer edilib, daha sonra "Milan"da icarə əsasında oynayıb. "Ayaks", "Stok Siti", "Maynts", "Alaves" və "Monreal İmpakt"da da çıxış etmiş Krkiç ötən yay Yaponiyaya yollanıb.
Komandanın əfsanəsi olan Xavi Ernandesi baş məşqçi postuna gətirən "Barselona" rəhbərliyi daha sonra 38 yaşlı sabiq futbolçu Daniel Alveşlə müqavilə imzalamışdı.
Səbuhi Həsənov