Qırğızıstanın müstəqilliyinin 32-ci ildönümünün qeyd edilməsi və ölkədə "Barselona” Akademiyasının açılışı tədbirləri çərçivəsində paytaxt Bişkekdə katalon klubunun və Asiya ölkələrinin sabiq futbolçuları yoldaşlıq matçı keçirib.
Qaynarinfo-nun məlumatına görə, "Barselona"nın heyətində meydana Xuan Pablo Sorin, Yulian Belletti, Edqar Davids, Karles Puyol, Xuan Karlos Rodriqes, Roberto Traşorras, Xavyer Pedro Saviola, Lüdovik Jüli, Covanni Silva, Rocer Qarsia, Rivaldo, Serji Barxuan, Xuan Pablo, Françesko Koko kimi futbolçular çıxıb.
Asiya yığmasında Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və İrandan olan sabiq futbolçular, oynayıb. Qırğızıstan prezidenti Sadır Çaparov da oynayanlar arasında olub. O, 11 nömrəli formada forvard kimi çıxış edib.
"Dolon Omurzakov" adına stadionda iki hissədən ibarət keçirilən qarşılaşma "Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rivaldo, Xuan Pablo Sorin və Xavyer Saviola vurub.
Stadionda futbolsevərlərə müraciət edən prezident Çaparov əfsanəvi oyunçuların iştirakı ilə keçirilən matçla ölkədə futbola marağı artırmağı hədəflədiklərini diqqətə çatdırıb və Qırğızıstanın dünyada öz sözünü deyən futbolçular yetişdirəcəyinə ümid etdiyini bildirib. Çaparov bildirib ki, matçdan əvvəl paytaxt Bişkek yaxınlığında 35 min tamaşaçı tutumuna malik yeni stadionun təməli qoyulub
Səbuhi Həsənov