"Barselona" öz sponsorunu məhkəməyə verməyə hazırlaşır.
Qaynarinfo-nun məlumatına görə, Almaniyanın investisiya fondu "Libero" "Barca Vision"un holdinq şirkəti "Bridgeburg Invest SL"nin 9,8 faiz səhmini alıb və bunun müqabilində kluba 60 milyon avro ödəyəcəyini vəd etmişdi. Ancaq İki tərəf arasında razılaşmaya baxmayaraq, "Libero" indiyə qədər Kataloniya nəhənglərinə vəd etdiyi məbləğin yalnız 20 milyonunu ödəyib. "Libero"ya borclarını ödəmək üçün dekabrın 31-dək vaxt verilsə də göstərilən tarixə qədər ödəmə olmadığı üçün "Barsa" sözügedən şirkəti məhkəməyə verməyi planlaşdırır. Yayda "Libero" ilə əldə edilən razılaşma sayəsində "Barça", transferin son günündə icarəyə götürdüyü Joao Feliks və Joao Kanselonu transferini həyata keçirmişdi. Hazırda isə şirkət borclarını ödəməkdə çətinlik çəkir.
"Barca Vision", keçən yay klub tərəfindən istifadəyə verilmiş məzmun platformasıdır. Rəqəmsal audiovizual platformanın yaradılmasının məqsədi pərəstişkarları ilə innovativ yollarla əlaqə yaratmaq məqsədi daşıyırdı.
Xavinin baş məşqçisi olduğu komanda 18 turdan sonra 38 xalla La Liqada dördüncü pillədə qərarlaşıb.
Səbuhi Həsənov