Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsininin (MPK) İcraiyyə Komitəsinin iclası keçirilib.
Komitənin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə iclasda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov çıxış edərək Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin strukturunun optimallaşdırılması, rəhbər aparatının işçilərinin sayının azaldılması, maddi resurslarının qənaət edilməsi və Milli Paralimpiya Komitəsinin nizamnaməsinin Beynəlxalq Paralimpiya Komitəsinin nizamnaməsinə uyğunlaşdırılması məqsədilə vitse-prezident sayının bir nəfər olaraq müəyyənləşdirilməsi və baş katib vəzifələsinin ləğv olunmasının məqsədə uyğun olduğunu hesab etdiyini bildirmişdir.
Daha sonra Rəhimov Komitənin işlərinin və tapşırıqların daha səmərəli icra olunması üçün və Beynəlxalq Paralimpiya Komitəsinin təcrübəsini nəzərə alaraq icraçı direktor vəzifəsinin yaradılmasına ehtiyac olduğunu qeyd etmişdir. Komitə prezidenti yeni təsis olunan icraçı direktor vəzifəsinə Babayev Eldar İbrəhim oğlunun təyin olunmasına razılıq verilməsini İcraiyyə Komitəsinin üzvlərindən xahiş etmişdir.
Daha sonra gündəlikdə olan məsələlər müzakirə edilmiş və Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsi tərəfindən qərara alınmışdır:
1. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsininin vitse-prezident sayının bir nəfər olaraq müəyyənləşdirilsin və baş katib vəzifələri ləğv edilsin.
2. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsi təsis olunsun.
3. Babayev Eldar İbrahim oğlunun Milli Paralimpiya Komitəsinin icraçı direktor vəzifəsinə təyin olunmasına razılıq verilsin.
4. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsninin nizamnaməsində müəyyən dəyişiklik edilsin və nizamnamə yeni redaksiyada növbəti Ümumi Yığıncaqda təsdiq olunsun.
Komitənin yeni təsis olunmuş icraçı direktor vəzifəsində çalışacaq Eldar Babayev bundan öncə UNICEF-in layihələri əsasında Uşaq Paralimpiya Komitəsində idman növləri üzrə təlimatçı, daha sonra isə Komitə prezidentinin köməkçisi vəzifələrində çalışmışdır. Eyni zamanda E.Babayev 2019 və 2021-ci illərdə Bakıda keçirilmiş "IBSA JUDO GRAND PRIX” yarışlarında təşkilat komitəsinin üzvü olmuşdur.
İcraiyyə Komitəsinin iclası bitdikdən sonra Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun əmri ilə Rauf Mürsəlov icraçı direktorun müavini vəzifəsinə təyin edilmişdir.
O, idman şöbəsinin müdiri vəzifəsinin icrasını da davam etdirəcəkdir. O, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında və Pekin 2022 Qış Paralimpiya Oyunlarında Azərbaycan milli komandasının şef-de-missionu olmuşdur.
Səbuhi Həsənov