Ekonomiks 14:12 19.09.2022

Baş nazirin torpaqlarla bağlı imzaladığı yeni qərarın məqsədi nədir?

"Məqsəd kənd təsərrüfatı üçün yararlı olan torpaqlardan daha səmərəli istifadə edilməsidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasnda Milli Məclisin deputatı Vüqar Bayramov Baş nazir Əli Əsədovun təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi ilə bağlı imzaladığı qərarı şərh edərkən deyib. Kənd Təsərrüfatı torpaqlarının istifadəsi Torpaq Fondunun genişləndirilməsi və xüsusən də indiki qlobal çağırışlar və regional dəyişikliklər fonunda daha çıx yerli məhsulların istehsalına imkan yaradır:
 
"Bütövlükdə strateji məqsəd yerli kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi və bunun üçün daha çox Torpaq Fonduna sahib olmaqdan ibarətdir. Düşünürəm ki, bu birmənalı şəkildə əkin sahələrinin həcminin genişləndirilməsinə imkan verir və həm də kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına xidmət edən addımlardır. Bəzi kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda torpağın statusu dəyişilmədən orada müəyyən inşaat işləri aparılıb, həm də müəyyən qeyri-yaşayış sahələrinin tikintisi də həyata keçirilib. Qanun həmin ərazilərdə inşaat işlərinin aparılmasını qadağan edib. Həmin bir sıra ərazilərdə inşaat işləri aparılıb, ona görə də bizim təkliflərimiz ondan ibarətdir ki, kənd təsərrüfatı üçün yararlı torpaq sahələrində gələcəkdə və indi inşaat işlərinin aparılmasına ciddi nəzarət edilsin”.
 

 
Deputat qeyd edir ki, bundan əlavə, həm də həmin ərazilərin yalnız kənd təsərrüfatı üçün istifadəsinə imkan verilməlidir:
 
"Çünki bütün hallarda bu inşaat işlərinin aparılmasının davam etdirilməsinə nəzarəti gücləndirilməsinə ehtiyac var ki, bu hallar təkrarlanmasın. Amma yerindən asılı olaraq biz təklif edirik ki, əvvəlki dövrlərdə, yəni bir neçə il öncə yaşayış evi inşa edilən torpaqların statusuna baxıb dəyişdirilməsi həyata keçirilə bilər. Çünki nəzərə alsaq ki, hansı ərazilərdə ki, artıq yaşayış evləri inşa edilibsə, orada artıq yaşayış var. Ona görə daha məqsədəuyğun olardı ki, yerindən asılı olaraq həmin ərazilərdə torpağın statusuna baxıb dəyişdirilməsi və onlara mövcud qərarla inşa edilən evlərin tanınması həyata keçirilsin”. 

Qeyd edək ki, Baş nazir Əli Əsədovun təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və qaydasının təsdiq edilməsi ilə bağlı qərar imzalayıb.
 
Bahar Rüstəmli