
Azərbaycanın baş prokuroru Zakir Qaralovun adından isifadə edərək dələduzluq edənlər barəsində cinayət işi açılıb.
Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Baş prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. O deyib ki, vətəndaş Səadət Məmişovanın müraciəti əsasında toplanmış material üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində 12 may 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. Bu barədə müraciət müəllifinə rəsmi məlumat verilib.
Xatırladaq ki, vətəndaş S. Məmişova Qaynar.info-ya müraciət edərək özünü Zakir Qaralovun kirvəsi kimi təqdim edən Elşad Maqsud oğlu Atakişiyev və onun dostu Rövşən Ziyafət oğlu Axundovun onu aldadaraq həyat yoldaşını həbsdən azad etmək adı ilə ondan 30 min manat pul aldıqlarını və geri qaytarmadıqlarını bildirmişdi.
Qaynar.info