"Baş verən son erməni təxribatları göstərir ki, Ermənistan tərəfi hələ də atəşkəs razılaşmasına əməl etmək niyyətində deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutmasından danışarkən deyib. O bildirib ki, bu həm də ölkənin siyasi rəhbərliyinin Müdafiə Nazirliyi və silahlı qüvvələr üzərində tam nəzarətə malik olmadığını göstərir:
"Belə hadisələr sonunda Ermənistan üçün çox ağrılı-acılı nəticələrə gətirib çıxarda bilər. Paylaşılan son videolardan da erməni ordusunun nə vəziyyədə olduğunu görürük. Əgər onlar 45-50 yaşlarında tör-töküntülərlə Azərbaycan əsgərinə qarşı davam gətirə biləcəklərini düşünürlərsə, yanılırlar".
Ekspert hesab edir ki, aidiyyatı qurumlar bununla bağlı adekvat tədbir görəcəklər:
"Ermənistan tərəf anlamalıdır ki, Azərbaycanın səbr kasası sərhədsiz deyil və bu bir gün daşa da bilər".
Qeyd edək ki, iyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bahar Rüstəmli