İrəvanda keçirilən Avropa Çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insident səbəbindən Ermənistan ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Qaynarinfo xəbər verir ki, bunu "Sputnik Ermənistan"a müsahibəsində təhsil, elm, mədəniyyət və idman nazirliyinin idman üzrə müavini Karen Giloyan deyib.
"Ən acınacaqlısı odur ki, biz az qala dünən, hətta hadisədən əvvəl 2024-cü il dünya çempionatına ev sahibliyi etmək hüququnu aldıq. Bu, bizim üçün müstəsna bir fürsət olardı", - o deyib.
Giloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların fiziki təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışır. O, Ermənistan tərəfinin Azərbaycan idmançılarının təhlükəsizliyini təmin etdiyini, hadisənin bununla heç bir əlaqəsinin olmadığını vurğulayıb.
"Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışacağıq ki, nəticələr ağır olmasın", - Giloyan bildirib.
Eyni zamanda, nazir müavini hesab edir ki, Ermənistan Ağır Atletika Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilməyəcək. Onun sözlərinə görə, hadisə zamanı zalda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti olub, daha sonra həm Giloyan, həm də Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbət edib.
"Azərbaycan nümayəndə heyətinin nümayəndələri yekdilliklə təsdiq etdilər ki, onlarla yaxşı rəftar edilib, təhlükəsizliyə heç bir təhlükə yoxdur, özlərini təhlükəsiz hiss edirlər, lakin onlar əmr alıblar və Azərbaycana qayıtmalıdırlar”, - Giloyan iddia edib.
Avropa Ağır Atletika Federasiyası da hadisəni pisləyib, Avropa çempionatının bütün iştirakçıları üçün əlavə təhlükəsizlik zəmanəti istəyib. Eyni zamanda, Federasiya hesab edir ki, bu hadisə təcrid olunmuş hadisədir və əlavə tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək.
Alpər