Xəbər lenti

Bazarlarda yerli məhsulların qıt olmasının səbəbi...
Ekonomiks18:22 13.05.2016

Bazarlarda yerli məhsulların qıt olmasının səbəbi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Bu il qıtlıq olmayacaq”. Bu fikri Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov səsləndirib. 
Onun sözlərinə görə, hazırda bazarlarda yerli məhsulların azlıq təşkil etməsi və baha olmasının səbəbi fermerlərin daha çox Rusiya bazarlarına məhsul ixrac etməsi ilə bağlıdır: “Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı qıtlıq müşahidə edilmir. Sadəcə, Rusiya sərhədlərini açdığı üçün fermerlər məhsullarını daha çox Rusiya bazarlarına çıxarırlar. Ona görə, Bakı bazarlarında müəyyən qədər qıtlıq yaşanır. Bizdə sentyabr-oktyabr aylarında bazarlarda meyvə çox idi. Bunun bir hissəsini Rusiya bazarına çıxartdılar, bir hissəsini də Bakıya gətirdilər ki, bazarlarda həmin almalar da artıq bitmək üzrədir.  Sadəcə biz öyrənmişik ki, yayda da, qışda da, ilin bütün fəsillərində bütün meyvələrdən yeyək. Qışda gilas, xiyar, pomidor, yayda alma... Ancaq bu məhsulların mövsümü var. Almanın, pomidor-xiyarın öz mövsümü var. Ona görə də, bu gün bazarlarda satılan xiyar-pomidorun dadı-tamı yoxdur”. 
Ekspertin sözlərinə görə, bunun səbəbi Bakıya məhsul gətirməyin fermerə baha başa gəlməsidir: “İndi yerli məhsulların da əksəriyyəti Rusiyaya aparılır. Ona görə də, bazarlarda satılan məhsulların çoxu Türkiyə və İrandan gətirilən məhsullardır. Rusiya bizim fermerlərə imkan yaradır ki, məhsullarını aparıb orada sata bilsinlər. Çox zaman həmin şəraiti bizim öz məmurlarımız yaratmırlar. Fermerlərin başına min oyun açırlar. Gah yolda polis  saxlayır, gah maşına görə pul istəyirlər, şəhərə gündüz girmək qadağan olunub. Əgər yerli icra hakimiyyəti Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə bağlasa və paytaxtın hər inzibati rayonunda 2-3 yer açsalar, fermerlər orada gündəlik olaraq öz məhsullarını çıxartsa, o zaman həm bolluq, həm də ucuzluq olar”. 
T.Zeynalov həmçinin bu il iqlim şəraitinin məhsuldarlıq üçün əlverişli olduğunu diqqətə çatdırıb: “Məhsuldarlıq əsasən təbii iqlim şəraitindən asılıdır. Bu il qış mülayim, yaz isə yağıntılı keçdi. Torpaq lazım olan nəmişliyi alır. Əgər may ayının 15-dən sonra temperatur 35 dərəcəyə qalxsa bu  zaman yayda quraqlıq olur. Quraqlıq olsa, bu zaman ağacların yenicə açmış çiçəkləri məhv olacaq. Ona görə də, yerli sakinlər, icra nümayəndələri bu haqda indidən fikirləşməlidirlər. Əgər hava şaxtalı keçirsə, o zaman ocaq yandırıb, ətrafa tüstü dağıtmaqla əkini şaxtadan qorumaq olar. Hər bir sakin bunu bilməlidir. Əgər bu cür tədbirlər vaxtında görülsə, bizdə bu il qıtlıq olmayacaq. Bazarlarda vətəndaşlara təklif olunan məhsulların keyfiyyətindən isə danışmağa dəyməz. Onların əksəriyyəti Türkiyədən gəlir və geni dəyişdirilmiş məhsuldur. Əgər məmurlar imkan versə, bizim özümüzün kənd təsərrüfatı məhsullarımız tələbatı ödəmək üçün kifayət edər”. (musavat.com)
Qaynarinfo.az