
Lənkəran Uşaq-Gənclər İdman məktəbində (UGİM) dözülməz şərait hökm sürür. Bu barədə Qaynar.info-nun Lənkəran sakinləri məlumat veriblər. Məlumata görə, Lənkəran UGİM 1983-cü ildə istifadəyə verilib.
Bura bir zamanlar çox qabaqcıl idman komplekslərindən olub. Burada üzgüçülük hovuzu, əl oyunları və güləş növləri, geniş zallar, futbol stadionu mövcud idi. Lakin artıq illərdir ki, bu kompleks bərbad vəziyyətdədir. Nə qədər qəribə səslənsə də, rayonda icra başçıları dəyişir, amma məktəb dəyişmir. Sanki bu acınacaqlı durum lənkəranlı gənclərin taleyinə yazılıb.
Sözügedən məktəb Lənkəran şəhərinin mərkəzində, çoxlu sayda ailənin yaşadığı mikrorayonlar massivində yerləşir. Şəhər əhalisinin az qala 1/3 hissəsi bu ətrafda yaşayır.
O da bildirilir ki, Lənkəranda inşa edilən Olimpiya kompleksi şəhərin mərkəzindən 5 km uzaqdadır. Uşaqların vaxtaşırı ora getməsi isə doğrudan da problemdir.
Ona görə də, şəhərin mərkəzində olan məktəbi təmir edib yararlı hala salmaq daha məntiqli olardı. Heç olmasa, uşaqlar, gənclər asudə vaxtlarını idmana həsr edərdilər. Bu, bəlkə də, Lənkəranda tüğyan edən narkomaniyanın azalmasına da təsir edərdi. Ancaq təəsüflər olsun ki, Lənkəran İcra Hakimiyyəti bu barədə düşünmək belə istəmir.
Onu da qeyd edək ki, bir neçə gün bundan öncə, yəni aprelin 2-də gənclər və idman naziri Azad Rəhimov Lənkəran şəhərində cənub bölgəsinin sakinləri üçün qəbul keçirib. Bildirilir ki, qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinləri iştirak edib. Yaxşı olardı ki, nazir Lənkəranda olduğu müddətdə uşaqların və gənclərin də taleyi ilə maraqlanaydı. Onsuz da gənclərin və uşaqların taleyi Taleh Qaraşovu (icra başçısı) və ondan əvvəlki icra başçılarını narahat etməyib.
Sakinlərin Lənkəran Uşaq-Gənclər İdman məktəbində çəkib bizə ünvanladıqları şəkilləri təqdim edirik, diqqətlə baxın:
Qaynar.info



















