İtaliya A Seriyası klubu "Cenoa"nın alqı-satqı və transfer əməliyyatları yekunlaşıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Mərkəzi ABŞ-da yerləşən "777 Partners" şirkətinə satılan Genuya təmsilçisinin yeni prezidenti Alberto Zanqrillo olub. İtaliyanın keçmiş baş naziri, dəfələrlə adı qalmaqllarda hallanan Silvio Berluskoninin həkimi kimi fəaliyyət göstərmiş Zanqrillo 1893-cü ildə yaradılan "Cenoa"nın tarixində 46-cı prezident olub.
Sentyabrın 23-də "777 Partners" şirkəti klubun Enriko Preziosidən alınması ilə bağlı işə başlamışdı. Genuya təmsilçisi oktyabrda Türkiyənin hazır geyim markası "Damat-Tween"lə 2 illik sponsorluq müqaviləsi imzalayıb.
Cari mövsümdə 12 oyunda topladığı 9 xalla A Seriyasında 17-ci pillədə qərarlaşan "Cenoa” noyabrın 7-də baş məşqçi Davide Ballardinini postundan göndərərək Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenko ilə müqavilə imzalayıb.
Səbuhi Həsənov