Xəbər lenti

Bəxtiyar Musayev növbəti mərhələdə “Qarabağ”a nə lazım olduğunu dedi
İdman12:13 13.12.2021

Bəxtiyar Musayev növbəti mərhələdə “Qarabağ”a nə lazım olduğunu dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın tanınmış seleksiyaçı-məşqçilərindən olan Bəxtiyar Musayev "Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib.
O, Qaynarinfo-ya açıqlamasında çatışmazlıqlardan danışıb, bu gün püşkatması keçiriləcək 1/16 final mərhələsində "Qarabağ”ın potensial rəqiblərini analiz edib, komandanın "dişinə” uyğun olan komandalarla bağlı fikirlərini bölüşüb:
"Qarabağ”ın çıxışını həm oyun planı baxımından, həm də növbəti mərhələyə yüksəlməsinə görə yaxşı qiymətləndirirəm. Təəssüflər olsun ki, son matçda yaxşı oynamalarına rəğmən gözlənilməz hesabla uduzdular. Hakim səhvini də qeyd etmək olar. Yaranmış vəziyyətlərdən də istifadə edə bilmədilər. Oyun planında isə "Qarabağ” səfərdə çıxış etməsinə rəğmən, rəqibindən üstün göründü. İstənilən halda komandanın növbəti mərhələyə vəsiqə qazanması Azərbaycan futbolu üçün böyük uğurdur. Təmsilçilərimiz avrokuboklarda qış fasiləsinə qədər çıxış edirdi. Bundan sonra yaz dönəmində də Azərbaycan komandasını Avropada görəcəyik. Çox xoş oldu”.
Mütəxəssis "Qarabağ”ın məğlubiyyətinin səbəbi ilə bağlı suala belə cavab verdi:
"Əksəriyyət düşünürdü ki, "Qarabağ” səfərdə daha rahat keçəcək. Hər kəsin öz fikri var. Mənə görə bu, yanlış düşüncədir. "Qarabağ” Bakıda daha üstün oynamışdı, bu düzdür. "Bazel” Avropada hər baxımdan tanınmış, "Qarabağ”dan üstün klubdur. Amma komandadakı məşqçi işi elə fikir yaratmışdı ki, "Bazel”i özümüzə bərabər rəqib sayırdıq. Halbuki belə deyil, "Bazel” hər komponentdə üstündür. Sadəcə, Bakıda həm azarkeşlərin dəstəyi, həm də komanda oyunu ilə onlara böyük təzyiq yaratmışdıq. Bu o demək deyil ki, "Qarabağ” "Bazel”dən üstündür, onu keçməli, birinci olmalı idi. Belə düşüncəni yaxına buraxmaq istəmirəm. Onların heyətində fərqlənən Kabralın elə bəlkə də "Qarabağ”ın büdcəsi qədər qiyməti var”.
Musayev komandanın arxayınlıq hiss edib-etməməsi ilə əlaqədar bunları dedi:
"Heç hiss etmədim. İlk dəqiqələrdən necə ciddi başlamışdılarsa, elə də davam etdilər. Hesab 0:2 olanda bəlkə də bir balaca var idi. Amma o da nəzərə çarpmadı. Hakimin kobud səhvi nəticəsində sayılmayan ilk qolu vursaydıq, bəlkə də hesab belə olmazdı. Tam qüvvə ilə irəli atılanda müdafiədə boşluqlar verməzdilər. "Qarabağ” 100 faizli qol imkanları yaratdı, amma bunlardan istifadə edə bilmədilər. İlk dəqiqələrdən üstünlüyümüz vardı. Hesab 0:3 olanda bir balaca boşalmışdılar. Onda da oyun əldən getmişdi. Amma matça gözəl başlamışdılar, oyun ərzində ruh düşkünlüyü hiss edilmədi. Boşluqlar da tam şəkildə hücuma atılmalarından irəli gəlirdi. Ona görə də rəqib əks-hücumda yaxalaya bilirdi”.
Veteran futbolçu "Qarabağ”ın Konfrans Liqasındakı potensial rəqibləri haqda bunları söylədi: 
"Sadaladığınız hər bir rəqibi həm ölkə, həm klub, həm də büdcə baxımından yüksək səviyyəli hesab edirəm. "Rapid”in, "Sparta”nın son oyunlarını görməmişəm. Ancaq futbolçu keyfiyyəti baxımından bizdən çox-çox üstündürlər. "Lester”, PSV isə bizim üçün əlçatmaz görünür. "Qarabağ” boyundan yuxarı tullanır. Elə "Bazel”lə matçda da bunu gördük. Qol imkanlarına, üstünlüyə sahib oldular. "Qarabağ” artıq böyüyüb. Ancaq bu o demək deyil ki, onların hamısını keçməlidir. Adına görə qiymətləndirsək, PSV, "Lester”, "Fənərbağça” bizim üçün ağır klublardır. Amma bəlkə də "Rapid”, "Sparta” "dişimizə” görə olar. Kağız üzərində belə görünür. Yenə də oyunlarına baxmaq lazımdır. Avstriya çempionatının üzvü "Zaltsburq” Çempionlar Liqasında qrupdan çıxdı. "Rapid” də həmin ölkənin çempionatında iştirak edir. Zəif ola bilməz. Onların çempionatı ilə bizimki arasında yerlə göy qədər fərq var”.
Musayev "Qarabağ”a növbəti mərhələdə uğur qazanaması üçün nə lazım olduğunu da dedi:
"Qarabağ” birdən-birə 6-7 transfer etməyəcək. Hətta bir neçə milyonluq futbolçu götürsələr belə, mərhələ keçib-keçməyəcəkləri dəqiq deyil. Düzdür, komanda büdcə baxımından özündən qat-qat yüksəkdə duran rəqiblərə başağrı olub. Ümid edək ki, uyğun rəqib düşər. Çünki bundan sonra futbolçular daha cəld olmayacaq, yəni, 3 ayın içində ustalıq səviyyələri yüksəlməyəcək. Bunlar absurd fikirlərdir. Növbəti mərhələdə uğur qazanmaları üçün ən əsası odur ki, şans yanlarında olsun. Rəqib kimi "Qarabağ”dan üstün durumda olmaları, o demək deyil ki, udacaqlar. Futbolda çox sürprizlərə rast gəlmişik. "Qarabağ” da dəfələrlə sübut edib ki, imkan düşəndə belə rəqiblərlə başabaş mübarizə aparır”.
Səbuhi Həsənov