Xəbər lenti

Bəxtiyar Quliyevin atası: "Oğlum NİDA-dan imtina etdi"
Ölkə12:18 02.06.2014

Bəxtiyar Quliyevin atası: "Oğlum NİDA-dan imtina etdi"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvlərindən birinin - Bəxtiyar Quliyevin azadlığa çıxmaq üçün dövlət başçısına müraciət etməsi ilə bağlı xəbər yayılıb.  

Musavat.com-un əməkdaşı bu haqda yayılan xəbərləri dəqiqləşdirmək və yaranmış vəziyyətlə bağlı əlavə məlumat almaq üçün Bəxtiyar Quliyevin atası ilə əlaqə saxlayıb.

Bəxtiyar Quliyevin atası Səməndər Quliyev oğlunun prezidentə müraciət etməsiylə bağlı xəbərin doğru olduğunu təsdiqlədi: "Oğlumun prezidentə müraciət xəbəri doğrudur. İki gün öncə biz onunla görüşdük. Görüş zamanı NİDA-dan imtina etdiyini dedi. Özü mənə dedi ki, NİDA-çılara zəng edib bildir ki, mən həm NİDA-dan, həm də vəkillərimdən imtina edirəm".

Bəxtiyar Quliyevin atası oğlunun prezidentə müraciət etməsi üçün ona hər hansı təzyiqlərin göstərilmədiyini də vurğulayıb: "Oğlum təzyiq nəticəsində prezidentə müraciət etməsi ilə bağlı heç nə demədi. Sadəcə, imtina etdiyini dedi".

Gəncin atası "Oğlunuzun belə bir müraciət etməsinə sizin münasibətiniz necədir" sualına isə belə cavab verdi: "Oğlumun prezidentə müraciətinə çox yaxşı baxıram. Bu dəqiqə mənə oğlum lazımdır. Hər halda mən istəyərəm ki, oğlum azadlığa çıxsın. Elə bilin ki, mənim oğlum bu dəqiqə bataqlıqdadır. Onu nə siz azadlığa çıxarda biləcəksiniz, nə də kənardan kimsə gəlib, azadlığa çıxarda biləcək. Onun üçün heç kəs yox, ancaq  atası və anası əziyyət çəkir".

Xatırladaq ki, Bəxtiyar Quliyev mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il azadlıqdan məhrum olunub.

Qaynar.info