Nərimanov Rayon Məhkəməsində Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Bu barədə APA-ya A.Hüseynovun vəkili Kamandar Nəsibov məlumat verib. Deyib ki, məhkəmə həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.
K.Nəsibov bildirib ki, Beynəlxalq Bankı ilə bağlı həbs olunan digər şəxslərin də barələrində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb: “Adil Hüseynovdan başqa bir neçə nəfərin də həbs müddəti uzadılıb, bir neçə nəfərin həbs müddəti isə yaxın günlərdə uzadılacaq”. Vəkil onu da bildirib ki, Adil Hüseynovla bağlı indiyə kimi hər hansı istintaq hərəkəti həyata keçirilməyib: “O, ifadə verməyib, hər hansı üzləşmə həyata keçirilməyib. Mən məhkəmədə çıxışım zamanı da bunları bildirdim. Həbs müddətinin uzadılması barədə qərardan isə apellyasiya şikayəti veriləcək”.
Qeyd edək ki, A.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. A.Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.
Kamandar Nəsibov
Adı Beynəlxalq Bank ətrafındakı kredit qalmaqalında keçən “Globus Plaza”nın sahibi, sabiq deputat Dünyamin Xəlilov bu il mayın əvvəllərində axtarışa verilmişdi.
Daha sonra DİN əməkdaşları oliqarxı saxlamış, onun şirkətinin ofisində axtarış aparmış və şirkətin kassalarını möhürləyərək bağlamışdılar. “Globus Plaza”nın mühasibləri də DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində (MCQMBİ) sorğu-sual olunmuşdular. Virtualaz.org saytı hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbələrdən Dünyamin Xəlilovun işi üzrə şok effekti yaradacaq sensasion məlumatlar daxil olub. Həmin informasiyalardan məlum olur ki, Nərimanov Rayon Məhkəməsi bu il mayın 15-də Dünyamin Xəlilov barəsində 4 ay müddətinə həbs-qəti-imkan tədbiri seçib.
Həmin prosesə hakim Turqay Hüseynov sədrlik edib. Dünyamin Xəlilovun işi Nərimanov Rayon Məhkəməsində 4/005 - 485/215 nömrəsi ilə qeydiyyatdan keçib. Burada işin ən maraqlı tərəfi odur ki, sözügedən məhkəmə qərarı bu günə qədər də qüvvəsində qalır. Yəni Nərimanov Rayon Məhkəməsinin qərarına görə, oliqarx hazırda istintaq təcridxanasında olmalıdır.
Lakin D.Xəlilov nəyə görəsə hələ də öz kabinetində oturub və çoxmilyonluq kreditlərinin qaytarılması problemini həll etməklə məşğuldur. Sayt onu da aydınlaşdırıb ki, Bakı Apelyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin Beynəlxalq Bankın müflisləşməsi qalmaqalına birbaşa aidiyyəti olan vurulmuş oliqarx barəsindəki həbs-qətimkan tədbiri qərarını hələ də ləğv etməyib. İşin sensasiya sayılacaq tərəfi də elə budur...
Dünyamin Xəlilov
Xatırladaq ki, Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Beynəlxalq Bankdan alınıb mənimsənilən kreditlər üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq, oradan köçürülüb.
Bəzi məlumatlara görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat, bəzi məlumatlara görə isə 2 milyard dollardan artıq kredit adı ilə vəsait çıxarıb, həmin kreditləri geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit “Saatlı bina”nın sahibi olan D.Xəlilov mətbuata açıqlamasında ölkədən qaçmadığını, müalicəyə getdiyini deməklə kifayətlənib. Eks-deputatın hələlik nə həbs edildiyi, nə də axtarışda olması barədə rəsmi xəbər yoxdur.//"Yeni Musavat"
Qaynar.info