Xəbər lenti

Böhranın daha bir üzü: şirkətləri bazardan çəkilir
Ekonomiks12:55 11.03.2017

Böhranın daha bir üzü: şirkətləri bazardan çəkilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2017-ci ilin yanvarın 1-nə yerüstü tikililər üzrə qiymətlər 2,1 faiz, yol və körpü tikintisi üzrə qiymətlər isə 0,8 faiz bahalaşıb. 
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Ümumilikdə, tikintidə (tikinti-quraşdırma işlərində) istehsalçı qiymətlərində təqribən 1,9 faiz bahalaşma qeydə alınıb.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Cümhuriyət” qəzetinə bildirib ki, Statistika Komitəsinin açıqladığı məlumatlar özəl və dövlət sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən verilmiş məlumatlar əsasında hazırlanıb: “Ümumilikdə aparılan tədqiqatlar göstərir ki, bazardakı ümumi iqtisadi geriləməyə baxmayaraq, daşınmaz əmlak bazarında, xüsusilə, mənzil tikintisində yeni tikililərdə nədənsə qiymət azalması əvəzinə, qiymət artımı baş verir. Təqribən bir il öncəki qiymətlərlə müqayisə edəndə bunu müşahidə etmək olur. O cümlədən, son illərdə tikinti sektorunda rəqabətin zəifləməsi müşahidə olunur.
Tikinti şirkətlərinin çoxunun bazardan uzaqlaşması tendensiyası da var. Bazarda qalan tikinti şirkətləri kənar resurslar hesabına fəaliyyət göstərir. Yəni, onların kifayət qədər əlavə maliyyə qaynaqları var. Həmin şirkətlər bu resurslar sayəsində daha aktiv fəaliyyət göstərə bilirlər. Ağır iqtisadi şəraitdə onların gəlirləri azaldıqda qiymətlərdə güzəştlər etməyə məcbur olurlar. İndiki halda bu şirkətlər dövriyyə vəsaitləri hesabına fəaliyyət göstərirlər. Hazırda tək yeni tikililərdə yox, köhnə tikililərdə də qiymət artımı var”.
Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli “Cümhuriyət” qəzetinə bildirib ki, komitənin təqdim etdiyi bahalaşma tikinti materiallarında müşahidə edilən qiymət artımı ilə bağlıdır: “Əmək qüvvəsində eləcə də digər xərclərdə elə bir bahalaşma yoxdur. Əksinə, orda ucuzlaşma var. Amma idxal olunan tikinti materiallarında qiymət artımı var. Nəzərə alsaq ki, tikinti materialları inşaatın maya dəyərinin təxminən 45 faizini təşkil edir, təbii ki, bu bahalaşma tikintiyə təsirsiz ötüşmür. Son iki ayda mənzil bazarında bahalaşma müşahidə edilir. Bu da çətin olan satışı bir daha çətinləşdirir. Bu gün tikinti şirkətlərinin hamısı şikayət edir ki, satış həddən artıq bahadır. 
Çünki qiymətlər artan zaman insanlar gözləmə mövqeyinə keçir və yaxud da alternativ variantlar axtarır. Təbii ki, bunun həlli müəyyən zaman tələb edir. Güman edirəm ki, adaptasiya müddəti təxminən iki il çəkəcək”.
Ekspertin sözlərinə görə bazarda tikinti şirkətlərinin azalma tendensiyası 2010-cu ildən arxada qalıb: “O vaxt tikinti sektorunda 200-dən artıq tikinti şirkəti çalışırdı. Bu gün onların sayı 50-yə düşüb. Bazarda əsasən maliyyə dayanaqlılığı olan tikinti şirkətləri qalıb. Onlar da son 6-7 ildə demək olar ki, davamlı fəaliyyət göstərirlər. İnanmıram ki, həmin şirkətlər bu gündən sonra öz fəaliyyətini dayandırsın. Yerli tikinti şirkətlərinin əlavə bazara daxil olması ehtimal olunmur. Amma tikinti sektoruna daxil olmaq istəyən həm xarici tikinti şirkətlər, həm də investorlar var. Onların hesabına bazarda həm rəqabət, həm də vəsait arta bilər”.
Qaynar.Az