İqtisadi böhranın getdikcə dərinləşməsi hökumətin bəzi addımlar atmasına səbəb oldu. 2016-cı ilin ilk aylarında prezidentin fərmanı ilə bir neçə qurum yaradıldı.
Fevralın 3-də yaradılan publik hüquqi şəxs - Maliyyə Bazarlarına Nəzarət Palatasının funksiyası ilə bağlı fərmanda göstərilirdi ki, bu orqan qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahələrinin, habelə ödəniş sistemlərinin fəaliyyətinin çevikliyini və şəffaflığını təmin etməlidir. Qurum həmçinin cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini təmin etməlidir.
Aprelin 20-də isə İlham Əliyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzaladı. Fərmanda qeyd olunurdu ki, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi" publik hüquqi şəxs yaradılır.
Aylar keçməsinə baxmayaraq, bu qurumların hansı işlər görməsi barədə ictimaiyyətə müfəssəl məlumat verilməyib. Üstəlik, ölkədə nəinki iqtisadi böhran səngiməyib, inflyasiya ikirqəqəmli həddə çatıb, manatın məzənnəsi günü-gündən ucuzlaşır, ərzaqvə qeyri-ərzaq məhsullarının qiyməti durmadan artır.
Məsələ ilə bağlı müraciət etdiyimiz iqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, sözügedən qurumların yaradılması əslində müsbət haldır: "Maliyyə Bazarlarına Nəzarət Palatasının funksiyası faktiki olaraq Mərkəzi Bankın funksiyalarının bir hissəsidir. Fərmanla Mərkəzi Bankdan alınaraq bu quruma verildi. Qurumun əsas funksiyası bankların fəaliyyətinə və lisenziyalaşdırılmasına nəzarət, bankların fəaliyyəti zamanı ortaya çıxacaq problemlərin həlli istiqamətində atılacaq addımlar planının hazırlanması, yəni bank sektoruna birbaşa nəzarət və tənzimləmədir. Mərkəzi bank isə sırf monetar siyasət, yəni manatla bağlı siyasəti müəyyənləşdirir. Yerdə qalan funksiyalar isə yeni yaradımış palataya verildi".

Ekspert deyib ki, bu qurumun yaradılması zərürəti banklarda yaranmış problemlərdən sonra ortaya çıxmışdı: "Palata ilkin olaraq "Standart Bank"da yaranmış problemin həllini öz üzərinə götürdü. Düzdür, problem köklü həll olunmadı, amma ən azından bir qisminin qarşısı alındı. Çünki həmin bankda 580 milyon manata yaxın depozit var idi və böhranla bağlı bütün insanlar birdən-birə depozitləri geri çəkmək istədilər. "Bank Standart"da və yaxud da Əmanətlərin Sığortalanması Fondunda da təbii ki, o qədər vəsait yox idi. Ona görə də palata bu işi öz üzərinə götürdü və ən azından bazarı sakitləşdirdi, insanları sakitləşdrdi. Sonrakı aylarda isə bu qurumun heç bir fəaliyyəti gözə dəymədi".
Ekspert deyib ki, "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi"nin yarandığı gündən hansı işlə məşğul olması məlum deyil: "Hökumət çox zaman böhran sözünü işlətmək istəmir, ona görə də belə qeyd edirdilər ki, bu, iqtisadi problemlərin həllinə yönəlmiş, böyük və ciddi bir komissiyadır. Nəzarət palatasının sədri Rüfət Aslanlı da həmin qurumun üzvüdür, Mərkəzi Bankın sədri də, nazirlər də. Bir neçə ay müddətinə təkliflər hazırlanmalı idi. Amma hələ ki, heç bir məlumat yoxdur. Nə hökumət televiziyasında, nə müstəqil mediada, nə hökumətə yaxın çevrələrdə heç bir müzakirə getmir ki, görək söhbət hansı islahatlardan gedir. Hələ ki bank sektorunda da böhran davam edir, qiymətlərin artımı da sürətlə gedir, inflyasiya ikirəqəmli həddədir. Yəni böhranın bütün elementləri özünü hələ də biruzə verir. Amma bu yöndə hansısa ciddi proqramın açıqlanmasını və yaxud da detallarını görməmişik".
Qızılgül
Qaynarinfo.Az