Süni intellektin insanlıq tarixindəki digər texnoloji dönüşümlərdən fərqli olduğunu düşünən “Microsoft”un həmtəsisçisi Bill Qeyts qarşıdakı bir neçə ilin kritik olduğunu bildirib. Qeyts lazımi planlaşdırma aparılmadığı təqdirdə texnologiyanın uzunmüddətli faydalarının sosial və siyasi xaosun kölgəsində qala biləcəyini deyir.
Qaynarinfo xəbər verir ki, süni intellektin gələcəyi yalnız texnologiya dünyasının deyil, siyasətdən iqtisadiyyata qədər bütün cəmiyyətin gündəmindədir. “Microsoft”un həmtəsisçisi Bill Qeyts yayımladığı son məqaləsində süni intellektin iqlim dəyişikliyi və nüvə silahlarının yayılması kimi qlobal təhdidlərlə eyni miqyasda ələ alınmalı olduğunu müdafiə edir.
Qeytsin fikrincə, süni intellekt tarixdəki digər texnoloji inkişaflardan fərqli bir dönüşüm yaradacaq. Səhiyyə, təhsil və insan münasibətləri də daxil olmaqla həyatın çoxsaylı sahələrinə təsir edəcək bu dəyişiklik qarşıdakı bir neçə il ərzində diqqətlə planlaşdırılmasa, uzunmüddətli faydalar ciddi sosial, siyasi və iqtisadi problemlərin kölgəsində qala bilər.

Təhdidlər artıq özünü göstərir
Qeytsin diqqət çəkdiyi risklər yalnız gələcəkdə ortaya çıxa biləcək ssenarilərlə məhdudlaşmır. Süni intellekt sistemlərinin kiberhücumlarda istifadəsi, səs klonlaşdırma texnologiyaları vasitəsilə maliyyə fırıldaqlarının həyata keçirilməsi və avtonom pilotsuz uçuş aparatlarının döyüş meydanlarında tətbiqi artıq müzakirə olunan məsələlər sırasındadır.
Bununla yanaşı, süni intellekt sistemlərinin fəaliyyəti üçün zəruri olan məlumat mərkəzləri də siyasi və iqtisadi gərginliklərin yeni mərkəzlərinə çevrilə bilər. Qeyts ABŞ ilə Çin arasındakı texnoloji rəqabətin bu risklər fonunda daha yavaş irəliləyişlə bağlı çağırışları çətinləşdirdiyini bildirir.
ABŞ-də federal səviyyədə hərtərəfli tənzimləmələrin yetərli olmamasının da mühüm problem olduğunu düşünən Qeyts bu vəziyyətdə texnologiya şirkətlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayır.
“Meta”nın baş icraçı direktoru Mark Zukerberq, “OpenAI”nin baş icraçı direktoru Sem Altman və “Anthropic”in baş icraçı direktoru Dario Amodei kimi texnologiya sektorunun aparıcı şəxsləri isə süni intellektin gələcəyi ilə bağlı fərqli yanaşmalar ortaya qoyurlar.
Qeyts qlobal miqyasda inkişafın müəyyən qədər yavaşladılması planının yaradılmasını dəstəkləyə biləcəyini, lakin ölkələr arasındakı geosiyasi və iqtisadi təşviqlər səbəbindən bunun həyata keçirilməsini real hesab etmədiyini bildirir.

Qərarı yalnız texnologiya şirkətləri verməməlidir
Bill Qeytsə görə, süni intellekt dövrünün necə formalaşacağına yalnız texnologiya şirkətləri qərar verməməlidir. Seçilmiş dövlət rəsmiləri, siyasət hazırlayanlar, təhsil və səhiyyə işçiləri, eləcə də yerli liderlərin iştirak etdiyi demokratik ictimai mexanizmə ehtiyac var.
Qeyts həmçinin ABŞ və Çin arasında əməkdaşlığın vacibliyinə diqqət çəkir. O, Roma Papası XIV Leon kimi dini liderlərin də cəmiyyətin bu böyük dönüşümə hazırlanmasında rol oynaya biləcəyini düşünür.
Qeyts süni intellektin təmin edə biləcəyi uzunmüddətli faydaların diqqətdən kənarda qalmamalı olduğunu vurğulayır. Bununla belə, onun fikrincə, keçid dövrü bəşəriyyət tarixinin ən təlatümlü mərhələlərindən biri ola bilər.
Qeytsin xəbərdarlığına görə, texnologiya sürətlə inkişaf etdiyi halda qərarvericilərin bu dəyişikliklərə uyğunlaşmaq üçün gözləməyə çox vaxtı yoxdur.
Aydın
Şərhlər