Müasir dövrün tələblərindən irəli gələrək maliyyə bazarının inkişafı, iqtisadiyyata investisiya qoyuluşu imkanlarının genişləndirilməsi, vahid elektron ödəniş məkanının formalaşdırılması və ölkədə nağd pul dövriyyəsinin məhdudlaşdırılması ilə əlaqədar müasir elektron ödəniş xidmətlərinin təkmilləşdirilməsi, nağdsız ödənişlərin stimullaşdırılması tədbirlərinin ardıcıl davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu tədbirlər təsərrüfat subyektlərində maliyyə intizamının gücləndirilməsi, korporativ sektorda şəffaflığın artırılması, o cümlədən, vergidən yayınma hallarının aradan qaldırılmasına xidmət edir.
2018-ci ildə nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən 3 layihə hazırlanacaq. Bunlar "Nağdsız Azərbaycan”la yanaşı, "Ani ödənişlər”, "3D bank sektorunda blokçeyn texnologiyalarına keçid” proqramlarıdır. Nağdsız ödəmələrin genişləndirilməsini hədəfləyən hər üç layihənin icrasında bir sıra qurumlarla, xüsusilə də Vergilər Nazirliyi ilə fəal əməkdaşlıq davam etdirilir. Buna baxmayaraq, Azərbaycanda nağd ödənişlərin payı 90 faizdən çoxdur. Ekspert qiymətləndirmələrinə əsasən, ölkədə nağdsız ödəmələrin inkişafı üçün böyük potensial var.
İqtisadçı-ekspert Vüsalə Əhmədova "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan bank sistemində bir sıra ödəniş vasitələri ilə əməliyyatların aparılması nəzərdə tutulub:
"Bunlar fiziki və hüquqi şəxslərə verilən plastik kartlar, debet kartlar, kredit kartları, bankomatlar, pos-terminallar, prosessinq mərkəzi və çeklərdir. Ölkəmizdə hazırda istifadə olunan cəmi ödəniş kartlarının sayı 5 milyon 558 min ədəd təşkil edir ki, onların da 2 milyon 545 min ədədi sosial, 1 milyon 702 min ədədi əmək haqqı, 745 min ədədi isə digər kartlardır. Əmək haqqları və təqaüdlər plastik kartlarla verilir ki, insanlarımızın böyük əksəriyyəti bu kartlardan yalnız nağd pulun çıxarılması üçün istifadə edirlər. Hazırda Azərbaycanda demək olar ki, nağd ödənişlərin payı 90 faizdən çoxdur.
Bunun bir sıra obyektiv və subyektiv səbəblərini saya bilərik. İlk öncə ölkəmizdə bank kartlarının illik qiymətlərinin kifayət qədər yüksək olduğunu demək istərdim. Kartların qiyməti növündən asılı olaraq illik 8- 650 manat arasında dəyişir. Bundan əlavə, kartdan karta vəsaitin köçürülməsi, kartdan nağd vəsaitin çıxarılması, Cash-in (karta vəsaitin daxil edilməsi), vergi, rüsum, inzibati cərimə kimi dövlət büdcəsinə edilən ödənişlər, konvertasiya və "unique” tipli əməliyyatlar üzrə xidmət faizləri də yüksəkdir. Bir çox ticarət obyektlərində aparılan alış-veriş əməliyyatları zamanı komissiya tutulur.
2016-cı ildə hökumətimiz internet saytlarından ediləcək online alış-verişlər üçün 18 faizlik ƏDV tətbiq etdiyini də xatırlatmaq istərdim. Nağdsız ödənişlərin həcmi eyni zamanda ölkədəki məhsul dövriyyəsi, qiymətlərin səviyyəsi, hesablar və həmçinin bölüşdürücü və təkrar bölüşdürücü münasibətlərdən də böyük ölçüdə asılıdır. Təbii ki, bütün bu hallar nağdsız ödənişlərə öz mənfi təsirini göstərir”.
İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin payının artırılması bizə "kölgə iqtisadiyyatından” müəyyən qədər qurtulmaq imkanları verir:
"Həmçinin kağız pulların az istifadəsi ölkədə cinayətkarlığın sayını da azalda bilər. Nağdsız hesablaşmaların artırılması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Bəzi sahələr üzrə ödəniş kartları ilə aparılan əməliyyatlar tamamilə vergidən azad edilməlidir. Kartlar vasitəsilə alış-veriş edən vətəndaşları həvəsləndirmək üçün onların kartlarına bonuslar və məbləğlər yatırılmalıdır. Dünyanın bütün inkişaf etmiş ölkələrində ödəniş kartları vasitəsi ilə hesablaşmalar daha sərfəlidir. İnsanlara ticarət şəbəkələrində endirimlər əldə etmək imkanları verilir”.
Xarici ölkələrin təcrübəsindən də danışan Vüsalə Əhmədova onu da əlavə edib ki, Yaponiyada nağd ödənişlərin həcmi cəmi 5 faiz, İsveçdə isə 3 faiz təşkil edir:
"Türkiyədə 1968-ci ildən etibarən plastik kartlar istifadə olunur. Hazırda bank kartlarıyla aparılan ödəmələr bu ölkədə 60 faizdən çoxdur. İstifadədə olan bank kartlarının sayı isə 131 milyon 600 min ədəddən çoxdur. Bank əməliyyatları növ müxtəlifliyi və xidmət faizlərinin aşağı olması baxımından da seçilir. Bu ölkədə internet vasitəsilə kartlı ödəmələr ildən-ilə artmaqdadır. Hər 5 kredit kartından 2-si internet alış-verişində istifadə olunur. Bank vasitəsilə ödəmələr səyahət, hava yolları, alış-veriş sektorundan tutmuş, dövlət sektoruna kimi hər bir sahədə geniş tətbiq edilir. Vergi və rüsumların nağd formada alınması belə qadağandır. Türkiyə günümüzdə nağdsız ödəmələr sistemində bir innovasiya mərkəzi sayıla bilər. Bu sahədə Türkiyənin təcrübəsindən faydalanmaqda yarar var”.