Xəbər lenti

Birinci uşaq, yoxsa ikinci uşaq? - 150 xəstəliklə bağlı yeni tapıntı
Sağlamlıq 08:45 08.08.2026

Birinci uşaq, yoxsa ikinci uşaq? - 150 xəstəliklə bağlı yeni tapıntı

"Nature Health" jurnalında dərc olunan genişmiqyaslı araşdırma doğum sırasının bəzi xəstəliklərin yaranma ehtimalı ilə əlaqəli ola biləcəyini göstərib. 

Qaynarinfo xəbər verir ki, tədqiqat çərçivəsində 10 milyondan çox insanın sağlamlıq məlumatları təhlil olunub və ilk doğulanlarla ikinci doğulan uşaqlar arasında müəyyən fərqlər aşkar edilib.

Alimlər yalnız iki uşaqlı ailələrə aid tibbi məlumatları araşdıraraq doğum sırasının 150-yə yaxın müxtəlif sağlamlıq göstəricisi ilə əlaqəsini qiymətləndiriblər.

Araşdırmanın nəticələrinə görə, ilk doğulan uşaqlarda autizm, diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DEHB), Tourett sindromu, obsesiv-kompulsiv pozuntu (OKP), allergiya, astma və sızanaqların rastgəlmə ehtimalı daha yüksək olub.

İkinci doğulan uşaqlarda isə maddə asılılığı, həzm sistemi xəstəlikləri və herpes zoster (zona) kimi bəzi infeksion xəstəliklərə meylliliyin daha çox olduğu müəyyən edilib.

Tədqiqat müəllifləri bildirirlər ki, bu fərqlər bioloji, immunoloji və sosial amillərin birgə təsiri ilə izah oluna bilər.

Onların fikrincə, ilk doğulan uşaqlar erkən yaşlarında böyük bacı və ya qardaş vasitəsilə müxtəlif mikroorqanizmlərlə təmasda olmadıqları üçün immun sisteminin inkişafı fərqli istiqamətdə gedə bilər. Bu isə allergik və tənəffüs sistemi xəstəliklərinin riskinə təsir göstərə bilər.

İkinci doğulan uşaqlar isə ailədəki böyük bacı və ya qardaşın evə gətirdiyi mikroorqanizmlərlə daha erkən qarşılaşırlar. Tədqiqat müəllifləri hesab edirlər ki, bu, immun sisteminin daha erkən aktivləşməsinə səbəb olaraq bəzi xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər.

Araşdırmada həmçinin qeyd olunur ki, bacı-qardaşlar arasındakı yaş fərqi az olduqca bu qoruyucu təsir daha aydın müşahidə edilir.

Maddə asılılığı riskinin ikinci doğulan uşaqlarda daha yüksək olması isə əsasən sosial amillərlə əlaqələndirilir. Alimlərin fikrincə, böyük bacı və ya qardaşın davranışlarını təqlid etmək və sonradan doğulan uşaqların riskə meylli davranış xüsusiyyətləri burada rol oynaya bilər.

Tədqiqat müəllifləri xüsusi vurğulayırlar ki, əldə edilən nəticələr doğum sırası ilə bəzi xəstəliklər arasında statistik əlaqənin mövcudluğunu göstərsə də, bu, doğum sırasının həmin xəstəliklərə birbaşa səbəb olduğu anlamına gəlmir. Bu əlaqələrin səbəblərini daha dəqiq müəyyənləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->