Xəbər lenti

Fridrix Merzin mümkün varisinin adı açıqlandı
Dünya 19:03 07.08.2026

Fridrix Merzin mümkün varisinin adı açıqlandı

Almaniyada Xristian Demokrat İttifaqı/Xristian Sosial İttifaqı (CDU/CSU) bloku kansler Fridrix Merzin başqa bir xristian-demokrat siyasətçi ilə əvəzlənməsi ehtimalını müzakirə edir. Nəşr mümkün namizədlər arasında Şimali Reyn-Vestfaliya əyalətinin baş naziri Hendrik Vüstün adını çəkir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" nəşri partiya mənbələrinə istinadən yazıb.

Mənbələrin sözlərinə görə, partiyada belə hesab edirlər ki, əgər sentyabrda Şərqi Almaniyada keçiriləcək seçkilərdə "Almaniya üçün Alternativ" (AfD) partiyası qalib gəlsə, Fridrix Merzin partiya daxilində birliyi qoruyub saxlaya biləcəyinə dair şübhələr yarana bilər.

Sorğular göstərir ki, AfD sentyabrın 6-da Saksoniya-Anhaltda keçiriləcək seçkilərdə mütləq çoxluq qazana, sentyabrın 20-də isə Meklenburq–Ön Pomeraniyada qalib gələ və Berlində də yüksək nəticə göstərə bilər.

Partiya daxilində həmçinin bəzi CDU siyasətçilərinin AfD-nin rəhbərlik edəcəyi hökuməti dəstəkləyə biləcəyindən narahatlıq ifadə olunur.

Mənbələrdən biri kanslerin dəyişdirilməsi ilə bağlı müzakirələrin hələlik "nəzəri xarakter daşıdığını” bildirib və qeyd edib ki, Fridrix Merzin siyasi gələcəyi üçün əsas sınaq Şərqi Almaniyada keçiriləcək seçkilər olacaq.

Həmsöhbətlər xatırladıblar ki, indiyədək CDU-nun heç bir yüksək vəzifəli nümayəndəsi açıq şəkildə hazırkı kanslerə qarşı çıxış etməyib.

"Politico" qeyd edir ki, müharibədən sonrakı Almaniya tarixində cəmi üç dəfə kansler eyni siyasi düşərgədən olan həmkarı ilə əvəz edilib. Sonuncu belə hal 1974-cü ildə sosial-demokrat Villi Brandtın casusluq qalmaqalı səbəbindən istefa verməsi zamanı baş verib.

"ARD-DeutschlandTrend"in iyul sorğusuna əsasən, Fridrix Merzin reytinqi 13% təşkil edir ki, bu da son 30 ildə aparılan araşdırmalar üzrə ən aşağı göstəricidir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->