Xəbər lenti

“Bizim qorxumuz yoxdur”
Ölkə17:45 15.05.2013

“Bizim qorxumuz yoxdur”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya hökuməti Azərbaycan neftinin nəqlinə dair müqaviləni dayandırıb. Söhbət 1996-cı il yanvarın 18-də imzalanmış müqavilə ilə fəaliyyət göstərən Bakı-Novorossiysk kəmərindən gedir.

Qaynar.info xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı “Media forum” saytına deyib ki, Azərbaycanla Rusiyanın münasibətlərində yeni çalar mövcud deyil: “Əldə olunan razılaşmaya əsasən, Azərbaycan hər il Bakı-Novorossiysk kəməri ilə 5 milyon ton neft ixrac etməliydi. Lakin ölkənin daxili istehlakı üçün neft emalı zavodlarına daha çox məhsul lazımdır. Ona görə də Bakı-Novorossiysk kəməri ilə daşınan neftin miqdarını tədricən azaltmışdıq. 2012-ci ildə bu, təqribən 2 milyon ton olub. 2013-cü ildə 1.7 milyon ton proqnozlaşdırılırdı. Rusiya isə bu kəmər vasitəsilə Azərbaycanın 5 milyon ton neftinin ixrac olunmasını istəyir. Amma bizim öz iqtisadi maraqlarımız var. İmkanımız olar – 5 milyon, imkan olmaz – 2 milyon ixrac edərik.

Rusiya tərəfinin dediklərində müəyyən məsələlər var ki, iqtisadi baxımdan Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Onlar belə hesab edirlər ki, biz müqaviləyə yenidən baxmalıyıq və ona görə də Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixracını birtərəfli qaydada dayandırıblar. Biz isə bundan narahat deyilik. Çünki prezidentimiz vaxtilə neft kəmərlərinin şaxələndirilməsi istiqamətində işlər görüb. İndi Azərbaycanın alternativ ixrac boru kəmərləri var. Qorxumuz yoxdur. Həmin nefti digər kəmərlər vasitəsilə dünya bazarlarına çıxara biləcəyik”.

Deputatın fikrincə, Rusiyanın son addımını siyasi qərar kimi şərh etməyə ehtiyac və əsas yoxdur: “Bu, siyasi qərar deyil və sırf iqtisadi maraqlarla bağlıdır. Rusiya istəyir ki, Bakı-Novorossiysk kəməri ilə daha çox neft ixrac edək. Çünki hər ton neftə görə 15 dollar 60 sent pul ödəyirik. İxrac nə qədər çox olsa, Rusiya tranzit haqqı kimi bir o qədər çox gəlir əldə edər”.Mübariz Qurbanlı deyib ki, son qərarın Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsiri olmayacaq: “Nə Rusiya, nə də başqa tərəfdən Azərbaycanda keçiriləcək prezident seçkisinə heç bir təsir ola bilməz. Hər bir ölkədə seçkinin taleyini xalq, seçicilər müəyyənləşdirir. Azərbaycan bu gün möhkəm bünövrə üzərində duran ölkədir. Biz hansısa geridəqalmış ölkə deyilik ki, ikinci, üçüncü dövlət bizim daxili siyasi həyatımızla bağlı diktə etsin. Bu, vassal dövlətlərə aiddir. Biz Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq edirik və strateji tərəfdaşlıq sahəsində ortaq məxrəcə gələrək maraqlarımızı uzlaşdırırıq”.