İdman 17:20 08.06.2022

Blatter və Platini məhkəmə qarşısında - Onları 5 ilə qədər həbs cəzası gözləyir

İsveçrənin Bellinzona şəhərinin Federal Məhkəməsində FIFA-nın keçmiş prezidenti Yozef Blatter və UEFA-nın keçmiş rəhbəri Mişel Platininin işi üzrə məhkəmə prosesi başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məhkəmənin 11 gün davam edəcəyi gözlənilir. Hökm iyulun 8-də çıxarılacaq. Dələduzluqda ittiham olunan 86 yaşlı Blatter və 66 yaşlı Platinini 5 ilə qədər həbs cəzası gözləyir.

Blatter bəraət almaq şansına tam əmin olduğunu bildirib: "Mən həmişə olduğu kimi optimistəm. Bu, demək olar ki, iki həftə davam edəcək məhkəmənin ilk günüdür. İlk gün özümü inamlı hiss etməsəm, bu pis olardı. Və mən çox əminəm”.

Keçən ilin noyabrında İsveçrə federal prokurorları Blatter və Platiniyə 2 milyon İsveçrə frankı (təxminən 2,2 milyon dollar) məbləğində qeyri-qanuni ödəmə ilə bağlı ittiham irəli sürüb. Keçmiş məmurlar dələduzluq, etibardan sui-istifadə və idarəetməni pozmaqda ittiham olunurlar.

Blatter 1998-ci ildən FIFA prezidenti vəzifəsində çalışıb. 2016-cı ilin fevralında onun yerinə Canni İnfantino prezident seçilib. Blatter vəzifəsindən kənarlaşdırıldıqdan sonra ona 6 il 8 ay müddətində futbolla bağlı istənilən fəaliyyət qadağan edilib. 

Platini 2007-2015-ci illərdə UEFA-nın rəhbəri olub. 2015-ci ilin payızında ona 8 il müddətində futbolla bağlı istənilən fəaliyyət qadağan edilib, daha sonra bu cəza 4 ilə enib. 2019 oktyabrında onun bu cəzası bitib. 

Nizami Bağırov