Xəbər lenti

Siyasət 14:53 22.09.2023

"BMT-nin iclası bir daha haqlı olduğumuzu göstərdi" - Etibar Məmmədov

"BMT TŞ-nin iclasında Azərbaycana qarşı heç bir qərarın qəbul olunmaması ölkəmizin bir daha haqlı olduğunu göstərdi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələri şərh edərkən deyib.

Etibar Məmmədov bildirib ki, bu iclasda irəliyə doğru addım atıldı: 

"BMT TŞ-nin iştirakçıları iddia edirdilər ki, guya bölgədə humanitar fəlakət var. Ona görə də BMT TŞ-nin Qarabağa həsr olunmuş iclası Türkiyə istisna olmaqla, əksər iştirakçıların humanitar yardım məsələsini ön plana çəkmələrilə yadda qaldı. Buna baxmayaraq, bütün çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını bəyan etdilər. Hətta Azərbaycanın əleyhinə olan, məsələni Təhlükəsizlik Şurasına çıxaran Fransa nümayəndəsi də qəti şəkildə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə predmeti deyil. Bu da irəliyə doğru atılan addım oldu". 

"İclasda Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun da effektiv, tutarlı çıxışı ilə yadda qaldı", deyə AMİP lideri vurğulayıb. 

Etibar Məmmədov prosesə hazırlıqla bağlı Azərbaycanın ayrı-ayrı ölkələrdəki diplomatik nümayəndələrinin fəaliyyətini qənaətbəxş hesab etməyib: 

"Onların bu istiqamətdə fəaliyyəti qənaətbəxş hesab oluna bilməz. Çünki BMT TŞ-dəki iclasın gedişi göstərdi ki, ümumi fon Azərbaycanın guya dinc əhaliyə hücum etməsi istiqamətində idi. Türkiyə istisna olmaqla, digər dövlətlər tərəfindən Azərbaycanın haqq səsini iclasda nəzərə çatdırmadı. Bu da ayrı-ayrı ölkələrdəki diplomatik nümayəndəliklərimizin işləri lazımi səviyyədə qura bilməmələrinin nəticəsidir. Halbuki, Azərbaycan antiterror əməliyyatı həyata keçirib və bu zaman dinc sakinlərə heç bir zərər dəyməyib. Azərbaycanı bu əməliyyatı öz ərazisində keçirib. Beynəlxalq qanunlar və ölkə Konstitusiyası ilə Azərbaycanın bunu etməyə tam hüququ var. Səfirliklər, diplomatik nümayəndələrimiz lazımi səviyyədə işləməlidir. Yəni əsgərlərimizin meydanda qanı bahasına əldə olunan qələbə masada itirilməməlidir”. 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında Qarabağa həsr olunmuş iclas keçirilib. Bu müzakirələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edib. İclasda bir neçə ölkə, xüsusən də Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndirib. Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. 

Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb. İclas heç bir sənəd qəbul olunmadan başa çatıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->