“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən böyüklər arasında boks üzrə Azərbaycan çempionatında finalçıların adları müəyyənləşib. Ans press-in məlumatına görə, ən çox maraqla gözlənilən döyüşlərdən biri 52 kiloqram çəki dərəcəsində olub. Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə peşəkar rinqdə də bir neçə döyüş keçirmiş Rauf Ağayevi məğlub edib.
Uzun fasilədən sonra yenidən boksa qayıdan Rəhim Nəcəfov (56 kq) da finala vəsiqə qazanıb. Boksçu milli komandamızın sabiq kapitanı Araz Gülməmmədovu mübarizədən kənarlaşdırıb R.Nəcəfov finalda yığmamızın üzvü Tural Əhmədov ilə qarşılaşacaq.
Milli komandamızın üzvü Tamerlan Abdullayevin (69 kq) yarımfinalda uduzması gözlənilməz olub. T.Abdullayev Astara boksçusu Ramal Aslanov ilə görüşdən məğlub ayrılıb.
“Baku Fires” klubunun üzvü Xaybula Musalov (75 kq) yarımfinal döyüşünü də nokautla başa vurub. O, bu dəfə 2011-ci ildə keçirilmiş dünya çempionatının iştirakçısı Emin Əhmədovu 1-ci raundda təslim olmağa məcbur edib.
Çempionatda 81 kiloqram çəki dərəcəsində də maraqlı final görüşü olacaq. Yığma komandamızın hazırkı birinci nömrəsi Rauf Rəhimov London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilə qarşılaşacaq. Son ölkə çempionatında R.Rəhimov V.Hüseynlini məğlub edib.
Yarışda 91 kiloqram çəki dərəcəsində də həlledici döyüş maraqla gözlənilir. “Baku Fires” klubunun üzvü Abdulqadir Abdullayev gənclər arasında Avropa birinciliyinin mükafatçısı Rahil Məmmədlinin müqavimətini qırmağa çalışacaq.
Final mərhələsində Salman Əlizadə (49 kq) Araz İmaməliyev ilə, Elvin Məmişzadə (52 kq) İbrahim İbrahimov ilə, Tural Əhmədov (56 kq) Rəhim Nəcəfov ilə, Elvin İsayev (60 kq) Nəsrəddin Məmmədov ilə, Lorenzo Sotomayor (64 kq) Ruslan Qasımov ilə, Pərviz Bağırov (69 kq) Ramal Aslanov ilə, Xaybula Musalov (75 kq) Kamran Şahsuvarlı ilə, Vətən Hüseynli (81 kq) Rauf Rəhimov ilə, Rahil Məmmədli (91 kq) Abdulqadir Abdullayev ilə, Kamran Mehdiyev (91 kq-dan yuxarı) Ağalar Sadıxzadə ilə qarşılaşacaqlar.