"Dünyanın ən sürətli adamı" Useyn Bolt karyerasını bitirdiyinə görə peşman olub.
Qaynarinfo xəbər verir ki, dünya şöhrətli yamaykalı keçmiş sprinter erkən təqaüdə çıxdığı üçün peşman olduğunu etiraf edib. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində mətbuata açıqlama verən 35 yaşlı idmançı Yamaykadakı evindən Tokio 2020-ni izlədiyini bildirib: "Yarışa çıxmaq üçün çox darıxdım. Tokioda yarışmaq istərdim. Çünki mən o anları yaşayıram. Televizordan izləmək çox çətin oldu”.
İtaliyalı Lamont Marsell Yakobsun Tokio-2020-də kişilər arasında 100 metr məsafəyə qaçış üzrə finalında 9.80 saniyə nəticə ilə birinci olduğunu xatırladan Bolt bu sözləri də söyləyib:
"Məşqçim karyeramın sonuna yaxın mənə dedi ki, "Başqa idmançılar sürətini artırmır. Sadəcə, sən sürəti azaldırsan". O vaxta qədər heç vaxt belə düşünməmişdim. Doğrudan da, digər idmançılar çox sürətli deyillər. Rekordlarımla zolaqda çox yüksək sürətlə hərəkət edirdim, daha sonra yavaşlamağa başlayırdım. Tokio 2020-də iştirak etsəydim, bunu həyata keçirərdim. Yəqin ki, 9.80-i keçərdim. Kaş təqaüdə çıxmayaydım”.
Pekin-2008, London-2012 və Rio-2016 Olimpiadasında qızıl medal qazanan idmançı bunları ifadə edib:
"Olimpiadada hər şey fərqlidir. Atletikanın ən yüksək səviyyəsi sayılır və özümü həmişə buna hazır hiss edirəm. Bu işdə əlimdən gələni etmişəm. İndiki nəsildə mənimlə eyni səviyyədə olan idmançı yoxdur. Ona görə də inanıram ki, rekordlarım hələ uzun illər qırılmayacaq”.
2017-ci il Dünya Atletika Çempionatından sonra karyerasını bitirən yamaykalı atlet kişilər arasında 100 metr məsafəyə qaçışda 9,58 və 200 metr məsafəyə qaçış üzrə 19,19 saniyə göstərici ilə dünya rekordçusu ünvanına sahibdir.
Səbuhi Həsənov