Braziliya futbolunun canlı əfsanəsi Ronaldinyonun mobil cihazlar üçün aplikasiyası hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bir çox videoların, futbolçu haqda məlumatların yer aldığı "Ronaldinho app" adlanan aplikasiya Ronaldinyosevərlərin istifadəsinə verilib.
Aplikasiyada "sambaçı"nın həyatı, karyerası haqda müxtəlif yazılı və videoməlumatlar yerləşdirilib. İstifadəçilər bu məlumatları oxumaqla yanaşı futbolçunun müxtəlif oyunlarda və klublarda vurduğu qollar, etdiyi fantastik hərəkətlər haqda bütün videoları da izləyə bilərlər. Onun instaqram, feysbuk, tvitter kimi məşhur sosial şəbəkələrdəki şəxsi profillərini və paylaşdığı statusları da həmin tətbiqdə görmək mümkündür.
Tətbiqdən istifadə edənlər, dünyanın futbol meydanlarında keçirilən oyunların hesablarını canlı şəkildə izləyə və ya sonradan məlumat ala bilərlər. O cümlədən futbol dünyasında ən son xəbərləri də buradan oxumaq mümkündür. Aplikasiyada istifadəçilər üçün müxtəlif viktorinalar, uduşlar nəzərdə tutulub və onlara musiqi dinləmək imkanı da yaradılıb. Hətta tətbiq vasitəsilə geyim dəstləri də almaq mümkündür.
Tətbiqdən həm İOS, həm də Android istifadəçiləri yararlana bilər.
Səbuhi Həsənov