Braziliyalı əfsanəvi futbolçu Ronaldo DÇ-2022-də fransalı ulduz Kilian Mbappenin turnirin ən yaxşı oyunçusu seçiləcəyinə inandığını bildirib.
Qaynarinfo-nun məlumatına görə ötənlərin məşhur futbolçusu İngiltərə mətbuatına açıqlama verib. O, 5 qolla turnirin bombardirləri sırasında birinci olan Mbappeni tərifləyib. "Sambaçı" açıqlamasında "Onun nə qədər sürətli və yaxşı olduğunu görürük. Onun üslubu mənə oynadığım vaxtları xatırladır. Bacarıqlarından necə istifadə edəcəyini bilir. O, digər oyunçulardan daha sürətlidir və bu üstünlüyü qola, həmçinin məhsuldar ötürməyə çevirməyi bilir” - sözlərini söyləyib.
Fransa millisinin çempionluğa namizəd olduğunu vurğulayan 46 yaşlı keçmiş ulduz, "Dünya çempionatı başlamazdan əvvəl də eyni fikirdə idim. Düşünürəm ki, Mbappe bu turnirin ən yaxşı oyunçusu seçiləcək" - deyib.
1/4 finalda turnirlə vidalaşan Braziliya millisinin ulduzu Neymarın millidən ayrıla biləcəyi ilə bağlı dediklərini matçın sonundakı duyğuların şiddətinə bağlayan Ronaldo, "Məncə Neymar çox emosional idi. Matçdan sonra məyus oldu. Bu, normaldır. Onun bu vəziyyətdən daha güclü çıxacağına və millinin formasını geyinməyə davam edəcəyinə əminəm. Hələ gəncdir, 30 yaşındadır. Növbəti dünya çempionatında da rahat oynaya bilər” - ifadələrini işlədib.
Səbuhi Həsənov