Adı açıqlanmayan bir braziliyalı kişi bütün var-dövlətini PSJ-nin futbolçusu Neymara vəsiyyət etdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, həmin şəxs bu barədə "Metropoles"ə
danışıb.
"31 yaşıma yaxın olmağıma baxmayaraq, səhhətim o qədər də yaxşı deyil. Mən həqiqətən başa düşdüm ki, öləcəyim təqdirdə var-dövlətimi vəsiyyət edəcək kimsəm yoxdur. Neymarı bəyənirəm, onunla bir çox cəhətdən eyniləşirəm. Mən də böhtandan əziyyət çəkirəm, mən də çox ailə adamıyam və onun atası ilə münasibəti mənə artıq vəfat etmiş atamla münasibətimi çox xatırladır. Amma hər şeydən əvvəl onu bilirəm ki, o, acgöz deyil, bu günlərdə nadir insanlardandır. Var-dövlətimin hökumətə və ya anlaşa bilmədiyim qohumlara getməsinə nifrət edərdim. Bu barədə Neymarı məlumatlandırmağa çalışdım, amma heç bir faydası olmadı”, deyə kişi bildirib.
Braziliyalının hansı aktivlərə sahib olduğu məlum deyil. O, vəsiyyətini yerinə yetirmək üçün 400 real (təxminən 75 avro) xərcləyib.
Həmin şəxs notariusda təsdiq olunmuş vəsiyyətnaməni də təqdim edib.
Aydın