"İstehlak edilən məhsullar bizi varlandırmır. Amma investisiyalar bizi varlandırır".
Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli "bahalı brend məhsullara pul xərcləmək, yoxsa həmin pulu investisiyaya yatırmaq daha uğurlu olar" sualına cavab verərkən deyib.
Xalid Kərimli deyib ki, əlimizdəki pul yığımını iki cür xərcləyə bilərik:
"Məsələn, o pula gedib torpaq ala və yaxud həmin pulla Havay, Maldiv adalarına gəzməyə gedə bilərik və s. Bunların hansı bizi daha çox varlandıracaq, gələcəkdə daha çox gəlir gətirəcək? Təbii ki, torpaq alışı, investisiya bizə gəlir gətirmiş olacaq. Biz əlimizdəki gəliri təntənəyə, lüksa xərcləməkdənsə, bunu investisiyaya, yığıma xərcləsək yaxşıdır. O ki qaldı insanların investisiya qoyması, yoxsa istehsala pul yatırması: Gündəlik istehlakımız olan məsələn, telefon, maşın, digər bahalı geyimlər dəyərini artıra-artıra getmir. Əgər maşın almışıqsa, müddət keçdikcə onun biznes dəyəri də aşağı düşür. 100 minlik təzə maşın alıb onu yola çıxartdınsa, gərək həmin maşını 5-10 min ucuz satasan. Həmin maşını bir saatdan sonra da aldığın qiymətə sata bilmirsən. Amma bu o demək deyil ki, biz aldığımız hansısa bir səhm dəfələrlə artacaq. Bunun üçün startup mərhələsində olan investisiyaların risklərinə baxmaq lazımdır. Startuplarda, xüsusən Amerika bazarında olan startupların milyardlıq şirkətə, sonradan on milyardlıq, yüz milyardlıq şirkətə çevrilmək ehtimalı yüzün birədir. Bu o deməkdir ki, kimsə əlində olan pulu aparıb həmin şirkətin səhminə verir, şirkət müflis olur və qoyulan pul da batır. Yüzdən bir şirkət uğurlu olur və biz bu cür halları təntənə ilə deyirik”.
İqtisadçı deyib ki, aldığımız səhmlərin bahalaşma şansı olduğu kimi, riskləri də var:
"Yüz, min dəfələrlə dəyərini artıran səhmlər bəlkə də on ildə, iyirmi ildə bir ortaya çıxır. Yeni texnologiyanın, yeni həll yollarının əmələ gəlməsi ilə ortaya çıxır. Heç kim indi deyə bilməz ki, hansısa şirkətin səhmini al, o qarşıdakı beş-on ilə yüz dəfədən çox bahalaşacaq. Ona görə də bu cür investorlara vençur kapitalistlər, yaxud da angel investorlar deyilər. Pullarını hissə-hissə, xırda-xırda paylayırlar. Sahibkarlar hə bu cür uğurlu hesab etdikləri staruplara 50000 dollar, yarım "ticket” olanda 25000 dollar qoyurlar ki, sabah milyardlıq şirkət olanda onların pulları dəfələrlə artsın. Lakin həmin pullar, startuplar bata da bilər. Amma istənilən halda istehlaka xərclənən pul itib gedir, yığıma qoyulan pul artır. Riskdən asılı olaraq səhmləri seçib investisya etmək olar. Seçilən səhm uğurlu olacaqsa kapital artacaq, olmayacaqsa, qoyulan kapital batacaq. Burda ən önəmli olan isə bu günlə sabah arasındakı tarazlığı qorumaqdır. Biz ancaq boğazıımızdan, ehtiyacımızdan kəsmədən əlavə yığımlarımızı bu cür dəyərləndirə bilərik. Əvvəldən proqnoz verilməli, ideyanın uğurluluğu əvvəlcədən görülməli, həmin ideyanı inkişaf etdirən komandanın peşəkarlığına əmin olunmalıdır".
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycan vətəndaşları istəyərsə, səhm bazarından çox rahat səhm ala bilər:
"Bir neçə il əvvəl bunu həyata keçirmək üçün əziyyət çəkmək lazım idi. Qiymətli kağızlar bazarında alqı-satqı edən bir neçə broker təşkilat var idi, onlara müraciət edilməli idi. Bunlar da həmin şəxslərin gəlirlərinin rəsmiliyini təsdiqini tələb edib, hesab açırdılar. Əgər həmin şəxsin gəlirləri şəffaf idisə, mənbəyi var idisi, onun artıq səhm almaq hüququ yaranırdı. Bu şirkətlər vasitəsi ilə səhm alınırdı. Hazırda isə fərqlidir. Mən fikir vermişəm ki, əgər sizin bank kartınız varsa, "Mobile app" vasitəsi ilə investisiya qoymaq olur... Çünki bir çox bankların investisiya şirkətləri var. Onlar da xidmətlərini asanlaşdırıaraq "Mobil app"lara inteqrasiya ediblər”.