"Siyasətdə sözlər qavrayışları formalaşdırmaq, emosiyaları yüksəltmək və hətta münaqişələri alovlandırmaq gücünə malikdir. Müəyyən sözlərin, xüsusən də tarixi əhəmiyyət kəsb edən sözlərin işlədilməsi son dərəcə diqqət və məsuliyyət tələb edir".
Qaynarinfo xəbər
verir ki, bu sözlər Böyük Britaniyanın "EU Today” saytının Ermənistan rəhbərliyinin Qarabağdakı vəziyyətlə bağlı təxribatçı ritorikasına həsr olunmuş məqalədə yer alıb.
Daha sonra məqalədə deyilir:
"Təəssüf ki, Ermənistan rəhbərliyi bu vəzifənin öhdəsindən gəlmir, Qarabağdakı vəziyyətlə bağlı getdikcə daha tez-tez "getto”, "soyqırım” və "xolokost” ifadələrindən istifadə edir. Azərbaycanın Qarabağda iddia edilən "soyqırımı"nı müşahidə etdiyinizə əmin deyiləm, lakin CNN və "Nyu York Times"ın məlumatına görə, indiyədək ölənlərin 95%-i hərbçilərdir. Hərbçilərin və mülki şəxslərin ölüm nisbətinin DAHA AŞAĞI olduğu şəhər ərazilərində yaraqlılarla mübarizə aparan bir ölkənin adını çəkin. Heç olmasa birini deyin!
Mülki sakinin həyatı müqəddəs olsa da, əgər 10 ölüm "soyqırım" sayılırsa, onda Çikaqoda hər həftə sonu texniki olaraq 6 soyqırım baş verir. Hərbi əməliyyatın nəticələrindən narazı qalanda hər dəfə "soyqırım” sözlərini ortalğa ata bilməzsiniz.
Bu tviti Jake Turks təxəllüsü ilə bir sıra nəşrlərdə işləyən Ağ Evin baş reportyoru Abraham Jakob Turkeltaub yazıb. O, mənşəcə yəhudidir, yəqin ki, adından da təxmin edirsiniz və onu da bilirsiniz ki, o, soyqırımın nə olduğunu çox yaxşı bilir.
Təbii ki, Qarabağ erməniləri indi çətin seçim qarşısındadır. Lakin bu, heç bir halda erməni liderləri tərəfindən Holokostla müqayisəyə haqq qazandırmır. Bu, nəinki empatiyanın olmadığını göstərir, həm də Holokostu təsvir etmək üçün istifadə edilməli olan sözlərin əsl ciddiliyini pozur. Yaxud bəlkə bu, sadə bir nəzarət yox, Ermənistan liderlərinin öz xalqı üçün hazırladıqları qaranlıq gələcəyə bir baxışdır?
Gəlin faktlardan danışaq.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yaranmış qeyri-qanuni qurumun qondarma "hökuməti” 5 min yaraqlını silahlandırıb. Özü də biz burada kiçik silahlardan danışmırıq. Ərazinin havadan çəkilişi onların ən böyük qorxularını təsdiqlədi: yaraqlıların ixtiyarında ağır silahlar, o cümlədən tanklar, zirehli transportyorlar, artilleriya və zenit silahları var idi.
Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi tədbirlər də separatçıların humanitar nəqliyyat dəhlizlərindən dərman və ərzaq daşımaq üçün deyil, silah-sursatla təminat məqsədilə istifadə etmələri ilə bağlı şübhələri təsdiqləyib. Görünən odur ki, separatçıların məntiqinə görə, əhali yeməksiz, dərmansız yaxşı yaşayacaq. Yaxud daha yaxşısı: beynəlxalq mediada göstərdikləri mənzərə nə qədər dəhşətli olsa, separatçılara bir o qədər də rəğbət bəsləyirlər. Və erməni əhalisinə belə münasibət yeni bir şey deyil. 30 ildən artıqdır ki, Ermənistan rəhbərliyi nifaq toxumu səpir, onu sülh yolu ilə həll etməkdənsə, münaqişəyə doğru sövq edir. Bu məqsədyönlü təhrik siyasəti siyasi və maliyyə mənfəətləri ilə idarə olunur, lakin onun nəticələri fəlakətlidir.
Bu hesablanmış manipulyasiyanın ağır yükünü bir neçə nəsil insan daşıyır. Ailələr dağılıb, dolanışıq vasitələri, dinc və firavan gələcək arzusu məhv edilib.
Ermənistan rəhbərliyinin işıqlı sabahla bağlı verdiyi vədlərin boş olduğu üzə çıxdı. Bunu nəzərə alsaq, Ermənistan rəhbərliyinin "Holokost” və "soyqırım” kimi ifadələrdən sərbəst istifadə etməsi sadəcə olaraq diqqətsiz ritorika kimi görünmür, həm də onların əsl məqsədlərini əks etdirir. Bəlkə onlar regionda sülhə can atmırlar, əksinə, öz məkrli məqsədlərini güdürlər?
Alpər