"Funt-sterlinqin arxasında Böyük Britaniya iqtisadiyyatı durur. Bu hər hansı bir zəif ölkə deyil ki, valyutası çöksün".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev funt-sterlinq, avro və manatı yaxın gələcəkdə nələrin gözlədiyinə münasibət bildirərkən deyib.
Samir Əliyevin sözlərinə görə, Böyük Britaniyanın Avropadan çıxması gözlənilməsə də, nəticələr gözlənilən idi: "Yənı çıxmaq qərarı verilsə, hansı addımlar atılacağı məlum idi. Gözləntilər bundan ibarət idi ki, funt-sterlinq və avro ucuzlaşacaq. Bu gün dünyada ikinci iş günüdür. Referendum 5-ci günə təsadüf etdi. Şənbə-bazar günləri birjaların işləmədiyini nəzərə alsaq, iki günə prosesslər baş verdi. Bu gün "Bloomberg"də məzənnələrə baxsaq, avro 0.4 faiz bahalaşıb. Funt-sterlinq də dollara nisbətən 0.6 faiz bahalaşıb. İki gündü ucuzlaşırdı, ancaq yenidən bahalaşır. Neftin qiymətində müəyyən qədər bahalaşma var".
Ekspert bildirib ki, Böyük Britaniya iqtisadiyyatı dünyanın ən güclü iqtisadiyatlarından biridir: "Funt-sterlinqin arxasında Böyük Britaniya iqtisadiyyatı durur. Bu hər hansı bir zəif ölkə deyil ki, valyutası çöksün. Burda hər hansı mənfi hal qısamüddətli ola bilər. Bu gün bazarın yenidən dəyişməsi, dolların ucuzlaşması və funt-sterlinqin bahalaşması bunu bir daha sübut edir. Demirəm ki, funt-sterlinq bahalaşmaqda davam edəcək. Sadəcə bu siyasi məlumatlar səsləndikcə, funt-sterlinqi bir müddət zərbə altında qalacaq. Böyük Britaniya tərəfi də bəyanatlar sələndirdi ki, biz indi çıxmırıq, danışıqlar gedəcək. İkinci referendum məsələsi də gündəmdədir. Bütün bunlar funt-sterlinqin məzənnəsinə müsbət təsir göstərir. Bu qərardan sonra Böyük Britaniyanın əleyhinə də müəyyən addımlar atıldı. Kredit reytinq agentlikləri Birləşmiş Krallığın reytinqini sabitdən neqativə saldı. Bir tərəfdən mənfi prosseslər getsə də, digər tərəfdən cəmiyyətə müsbət informasiyalar ötrülür ki, ciddi bir böhran yaranmasın. Maliyyə bazarındakı qeyri-sabitlik uzun sürməyəcək. Müəyyən "rəqs"lər olacaq. Funt-sterlinq 31 ilin minimumuna düşmüşdü. Bu valyutanın taleyi siyasi qərarlardan daha çox asılı olacaq".
Samir Əliyev manatın da taleyindən danışıb. O vurğulayıb ki, dollar hər gün manata qarşı bir neçə faiz artır: "May ayından başlıyaraq valyuta hərracında iştirak edən bankların sayı artıb. Bu gün 31 bank oldu. Halbuki mart-aprel ayında iştirak edən bankların sayı 20-dən az olurdu. Hətta bir hərracda tək 1 bank iştirak etmişdi. Son vaxtlar dollara tələbatın artmasının bir səbəbi bankların xarici borc öhdəlikləri ilə bağlıdısa, digər səbəbi may ayında turizmlə əlaqəli insanların dollara tələbatının artmasıdır. Digər tərəfdən də Böyük Britaniya məsələsi bazara təsir etdi. Hamı dedi ki, FED-in qərarındakı kimi bu qərardan sonra da devalvasiya olacaq. Buna görə də manata təzyiq artır. Ancaq manatın kəskin ucuzlaşacağını gözləmirəm. Qarşıdakı iyul avqust aylarında olduğu kimi qalacaq. Yaxın bir-iki həftədə manat ucuzlaşacaq. İyulda bəlkə bir qədər möhkəmləndi. Mantaın taleyi Mərkəzi Bankın davranışından da asılıdır. Mərkəzi Bank adekvat reaksiya versə, manata olan təzyiqləri azaldacaq. Bu gün hökümət manatın məzənnəsini saxlamaq iqtidarındadır. Əgər dekabrdakı kimi məsuliyətsiz addım atsalar, kəskin devalvasiya ola bilər. Amma ehtimal azdır".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az