(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanıb)
Qloballaşan dünyada hər bir dövlətin maraqlarının təmin edilməsində bir sıra digər amillərlə yanaşı, diaspor, lobbiçilik fəaliyyəti mühüm yer tutur.
Azərbaycanda diaspor fəaliyyəti son illər intensivləşib. Birmənalı olaraq, Azərbaycan diasporu fəallaşma və təşkilatlanma baxımından pik nöqtəyə Qarabağda qazanılan böyük Zəfərdən sonra nail oldu. Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış 2018-2023-cü illər üçün Strateji Yol Xəritəsində başlıca məqsəd Azərbaycan diasporunun birliyinə nail olunması, ümumi maraqların üstün tutulması və sistemli işin təşkil edilməsidir. Ötən müddət ərzində bu istiqamətdə də bir sıra nailiyyətlərə imza atılıb. Hazırda azərbaycanlılar dünyanın 70-dən çox ölkəsində yaşayır. Xaricdə yaşayan soydaşlarımızın birləşməsi, təşkilatlanması, dövlətimizin maraqlarını qorumağa qadir böyük qüvvəyə çevrilməsi üçün ən effektiv işlərdən biri son illər yaradılan Koordinasiya Şuraları və bir sıra xarici ölkədə Azərbaycan evlərinin istifadəyə verilməsidir. Hazırda 15 Koordinasiya Şurası və 14 ölkədə fəaliyyət göstərən 20 Azərbaycan Evi xaricdə Azərbaycan həqiqətlərinin çatdırılmasında, azərbaycanlıların milli kimliyinin qorunmasında mühüm rola malikdir.
Görəsən, 2023-cü il Azərbaycan diaspor və lobbiçilik quruculuğu hansı işlərlə yaddaşlarda qalıb?
Qaynarinfo-ya açıqlamasında Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev bildirir ki, 2023-cü il Azərbaycan xalqının taleyi və tarixində ən önəmli illərdən biri olub:
"Xankəndi və bütün Qarabağın ərazilərimizə qatılması ilə Azərbaycanın ərazi bütövlüyü məsələsi həll olundu. Azərbaycan bir xalq olaraq böyük imtahandan uğurla çıxdı. Bu illər ərzində olmayan bütövləşmə, birlik əmələ gəldi, xalqın inamı özünə qayıtdı. Cari ildə, deyərdim ki, Azərbaycan diasporunun fəaliyyəti daha da gücləndi. Başımızı uca tutmağı bacardıq”.
Həmsöhbətimizin fikrincə, əvvəlki illərlə müqayisədə diaspor təşkilatlarının təşkilatlanma və formalaşma işləri bu il daha sürətlə gedib:
"Ötən dövrdə erməni yalanları, erməni vandalizmini ifşası istiqamətində də bir sıra addımlar atılıb. Bu il ərzində həyata keçirilən fəaliyyət nəticəsində bir sıra yeni tərəfdaşlar əldə etdik. Ermənipərəst qüvvələrə qarşı artıq düşünülmüş şəkildə mübarizəyə başlamışıq. Qərbi Azərbaycan məsələsində də mühüm irəliləyişlər əldə olunub. Qərbi Azərbaycan icmasının güclənməsi və həmin ərazilərimizə qayıdış məsələsində Azərbaycan diasporunun üzərinə böyük öhdəlik qoyulub. Bununla bağlı qarşıdakı dövrdə bir sıra layihələr həyata keçirəcəyik”.
İ. Ağayev növbədi ildə diaspor təşkilatlarının görülməsi vacib olan işlərindən də danışıb:
"Tarixi torpaqlarımızın Azərbaycanın əzəli torpaqları olması ilə bağlı elmi-praktik konfranslar, parlamentdə görüşlər, mətbuat və informasiya sahəsində, QHT sektorunda böyük işlərin aparılması, məsələn Qafqaz Evinin yaradılmasında Gürcüstanla birgə fəaliyət, Avropadakı bəzi dairələr arasında erməni avantürasına uymamağı aşılamaq istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur. Bundan başqa qarşıdakı dövrdə erməni vandalizminin Ağdam, Füzulidə törətdiyi vəhşilikləri yaymağa, dünya ictimaiyyətini saxta erməni göz yaşlarına inanmamağa çağırmalıyıq”.
Mərkəz sədri diaspor qurumlarının çatışmayan cəhətlərini də sadaladı:
"İkili standartlardan irəli gələrək, Azərbaycan diasporası dünya ölkələrinin parlament və mətbuat orqanlarında ciddi tərəfdaşlar tapmaqda bir qədər axsayır. Bu, cari ildə diaspor quruculuğunun çatışmayan cəhətlərindəndir. Düşünürəm ki, növbəti illərdə mütəşəkilliyə nail olmaqla, bu çatışmazlığı da aradan qaldıra biləcəyik.
2024-cü ildə Çexiya və Estoniyada mütəşəkillik baxımından daha güclü diaspor təşkilatı yarada bildik. Amerikanın bəzi ştatlarında da güclənirik. Habelə, türkdilli dövlətlər olan Özbəkistan və Qırğızıstanda da fəaliyyətimizi genişləndirmişik”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.