Lionel Messi və Kriştiano Ronaldo XXI əsrin ən yaxşı futbolçuları olmaqla yanaşı, dünyanın ən yüksək maaş alan futbolçuları sırasında yer alırlar. Lakin bir futbolçunun sərvəti onların ümumi sərvətindən 12 dəfə çoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror"
yazıb.
37 yaşlı Messi "Barselona", PSJ və "İnter Mayami" ilə saysız-hesabsız kuboklar qazanıb. Ronaldo isə "Real Madrid", "Mançester Yunayted", "Yuventus" və "Əl-Nəsr" klublarındakı uğurları ilə parlayıb.
Sərvətlərinin müqayisəsi
"Celebrity Net Worth" məlumatına əsasən, Messinin sərvəti təxminən 850 milyon dollar dəyərindədir. Ronaldo isə təxminən 800 milyon dollar sərvətə malikdir.
Onların ümumi sərvəti 1,66 milyard dollar təşkil edir. 26 yaşlı Faiq Bolkiahın isə 20 milyard dollar sərvəti var.
Faiq Bolkiah haqqında nə məlumdur?
Bruney Sultanının qardaşı oğlu və 250 milyard dollarlıq sərvətə sahib ailənin varislərindən biri olan Bolkiah Los-Ancelesdə doğulub. O, futbol karyerasına "Nyuberi" klubunun gənclər komandasında başlayıb, daha sonra "Sauthempton", "Çelsi" və "Lester Siti" akademiyalarında futbolun sirrlərini öyrənib. Lakin Premyer Liqada oyunlara çıxmaq ona nəsib olmayıb.
2020-ci ildə sol cinah oyunçusu "Maritimu" ilə ilk peşəkar müqaviləsini imzalayıb. Buna baxmayaraq, o, əsas komandada çıxış etməyib və yalnız U-23 komandasının tərkibində bir oyunda iştirak edib. Son olaraq Taulandın "Ratchaburi" klubunda top qovub.
Həm Amerika, həm də Bruney vətəndaşı olan Bolkiah beynəlxalq arenada Bruneyi altı dəfə təmsil edib və bir qol vurub. Oyun bacarığı ilə Premyer Liqada yer ala bilməsə də, "Çelsi"nin gənclər komandasında zənginliyi ilə diqqət çəkib.
Komanda yoldaşlarından biri onun haqqında belə deyib:
"Onun kral ailəsindən olduğunu düşünməzdiniz. O, sadə və çalışqan bir gənc idi. Biz zarafatla deyirdik ki, futbol oynamasına ehtiyac yoxdur, amma o, futbola olan sevgisi üçün oynayırdı".
Aydın
Şərhlər