
Bu gün Rio Olimpiadasında XII yarış günü start götürəcək.
Qaynarinfo.Az xəbər verir ki, ilk olaraq Bakı vaxtı ilə saat 16:47-də İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşünə çıxacaq. Dünən yarımfinalda hamıdan I olan legionerimiz bu dəfə medal qazanmaq üçün yarışa çıxacaq.
Bu gün həmçinin 2 medal ümidimiz də aktivimizə 5-ci və 6-cı medalları qazandıra bilər. Əvvəlcə saat 17:00-da yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq çəki dərəcəsində ilk görüşünə çıxacaq. Onun 1/16 final mərhələsində rəqibi kubalı Miqel Martines Palasio olacaq.
Saat 01:15-də kubalı boksçumuz Lorenso Sotomayor 64 kq çəki dərəcəsində 1/4 final görüşünə çıxacaq. Legionerimiz həmyerlisi Yasnier Toledonu yenə bilsə, ən azı bürünc medalı təmin edəcək.
Qeyd edək ki, cüdoda Rüstəm Orucov, Elmar Qasımov gümüş medal qazanıb. Yunan-Roma güləşində Sabah Şəriəti bürünc medal əldə edib. Boksda isə Kamran Şahsuvarlı yarımfinala çıxmaqla ən azı bürünc medalı özü üçün təmin edib.
Qaynarinfo.Az