
Murtuzəli Hacıyev: “Kənd təsərrüfatı elə bir sahədir ki, hava-iqlim şəraitindən sığortalanmayıb”
Telman Zeynalov: “Bu mövsümdə çəyirdəkli meyvələrdə qıtlıq olacaq, xaricdən gətirilən geni dəyişdirilmiş məhsullar bazara daha çox çıxarılacaq”
Bu il qış fəslinin mülayim, yaz fəslinin isə daha şaxtalı keçməsi meyvə-tərəvəz məhsullarının taleyini də sual altında qoydu. Ötən həftədən başlayaraq, bəzi regionlarda havanın şaxtalı keçməsi, yağıntı və sərt küləyin olması ağacların çiçəklənməsi ərəfəsində fermerlərin narahatlığına səbəb oldu.
Bəs, görəsən bu ilin iqlim şəraiti məhsuldarlığın aşağı düşməsinə gətirib, çıxaracaqmı?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirdi ki, bu il çəyirdəkli meyvələrin qıtlığı yaşanacaq: “Son günlərin hava durumunu müqayisə etsək, görərik ki, bu, məhsuldarlıq üçün heç də əlverişli deyil. Aprelin 19-da 22 dərəcə isti var idi, bu gün isə temperatur 14 dərəcəyə düşüb, bərk şimal küləyi əsir. Dağlarda güclü yağıntı olacağı gözlənilir. Bu yağıntı və külək meyvə ağaclarında mayalanma prosesinə mane olacaq. Bir var ki, çiçəkdəki tozları arılar, kəpənəklər yaysın, bir də var ki, bərk külək çiçəkləri qoparsın. Son aylar yağıntının miqdarı həddindən artıq çox olub. Bu, məhsuldarlığın artmasına səbəb ola bilər. Çünki torpaqlar lazım olan rütubəti alıblar. Ancaq onu da nəzərə almaq lazımdır ki, qəfil başlayan sərt küləklər və paralel olaraq, yağışın yağması çəyirdəkli meyvələrin qıtlığına səbəb ola bilər. Bəzi ekspertlər sadəcə, yağıntının miqdarını nəzərə alırlar. Lakin bugünkü külək onu göstərir ki, bizdə hələ də iqlim formalaşmayıb. Biz yazı və payızı itirmişik, birbaşa olaraq yaydan qışa, qışdan yaya keçirik. Ötən il oktyabr ayının əvvəllərindən insanlar paltoya keçməli oldular. Bu da anormal iqlim göstəricisidir. Digər tərəfdən, bu qış dekabr və yanvar aylarında demək olar ki, yağıntı olmadı, yalnız fevral ayında müəyyən qədər yağıntı oldu. Fevral ayında isə torpağın oyanma vaxtıdır. Ağaclar torpaqdan lazım olan kübrələri, mineralları alırlar. Mart ayında ağacların budanması aparılır, bu, yanlışdır və məhsuldarlığı azaldır. Ağac çiçəkləyən vaxtda budama aparmaq düzgün deyil. Budama yanvar ayında aparılmalıdır. Bu baxımdan, bu mövsüm çəyirdəkli bitkilərin qıtlığı ola bilər. Xaricdən gətirilən geni dəyişdirilmiş məhsullar bazarda daha çox olacaq”.
Ekoloq onu da vurğuladı ki, meyvələrin əksinə olaraq, taxılçılıqda məhsuldarlıq bol olacaq: “Mart və aprel aylarında yağıntının miqdarının çox olmasını nəzərə alsaq, bu il taxılçılıqda məhsul bolluğunun olacağını proqnozlaşdırmaq mümkündür. Dekabr və yanvar ayları quraqlıq keçdi, lakin mart və apreldəki yağıntılar bunu əvəz etdi. May ayında quraqlıq olmasa, taxıl bol olacaq. İyun ayı isə artıq buğdanın yığım dövrüdür”.
Ekspertin bu fikirlərinə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə hava şəraitinin meyvəçiliyə o qədər də böyük ziyan vurmadığını qeyd etdi: “Hələ ki, bu haqda danışmaq tezdir. Azərbaycanın meyvəçilik sahəsi üzrə ixtisaslaşan şimal bölgəsində çəyirdəkli meyvələrdə oyanma yenicə başlayıb. Ekspertlərin qıtlıq olacağı ilə bağlı şərhləri peşəkarlıqdan uzaqdır. Yağıntının çox olduğu vaxtlarda yalnız çəyirdəkli meyvələrdə çiçəklənmə olmuşdu. Bunlar alça, ərik və digərləridir. Bunlara da elə böyük fəsad dəyməyib və biz hesab etmirik ki, qıtlıq ola bilər. Kənd təsərrüfatı elə bir sahədir ki, hava-iqlim şəraitindən sığortalanmayıb. Bu səbəbdən də konkret rəy vermək hələ ki, tezdir”.
Murtuzəli Hacıyev onu da qeyd etdi ki, bu il taxılçılıq sahəsində məhsuldarlığın bol olacağı gözlənilir: “Havaların yağıntılı keçməsi ən çox taxıl məhsullarının bol olmasına şərait yaradacaq. Xüsusilə də dəmyə bölgələri üçün bu, daha əlverişlidir. Taxıl bitkilərinin suya ən çox tələbatı olduğu vaxtlarda yağıntı bol oldu. Mütəxəssislərimiz də qeyd edirlər ki, taxıl sahələrində yüksək məhsuldarlıq olacağı nəzərə çarpır. Təbii ki, hava şəraiti də buna imkan verməlidir. Meyvəçilikdən danışmaq bir qədər tezdir. Hər hansı ciddi fəsad yoxdur. Bizim bölgələrdəki mütəxəssislərimiz də bildirirlər ki, hazırda ərik, alça və bu kimi çəyirdəkli meyvələr çiçəkləyib, yağıntı və külək onlara müəyyən qədər təsir göstərib. Lakin bu, məhsuldarlığın aşağı olacağı mənasına gəlmir. Çünki sonrakı dövrdə fermerlər müəyyən aqrotexniki tədbirlər həyata keçirməklə itirilmiş potensialı bərpa edə bilərlər. Çəyirdəkli meyvələrin biologiyasında belə bir şey var ki, onlarda yatmış tumurcuqlar olur. Aqrotexniki tədbirlər vasitəsilə həmin yatmış tumurcuqlarla itirilmiş potensialı bərpa etmək mümkündür”.
Qaynar.info