"Qanun icra olunmayacaqsa, heç nə dəyişməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Aslan İsmayılov Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevin meşələrin mühafizəsinin hüquq mühafizə orqanları və özəl mühafizə təşkilatlarına verilməsi təklifinin özünü praktikada nə dərəcədə doğrulda biləcəyinə münasibət bildirərkən deyib.
Həmsöhbətimizin fikrincə, idarəetmə sistemi dəyişməyincə, belə layihələr heç bir effekt verməyəcək:
"Qanun icra olunmayacaqsa, meşələrin mühafizəsinin hüquq mühafizə orqanları, istər nazirliyin özünə, istərsə də özəl təşkilatlara verilməsinin heç bir əhəmiyyəti olmayacaq. Bunlar hamısı boş söhbətlərdir. Bir əmr verməklə məsələ öz həllini tapan deyil. Əsas odur ki, qanun icra olunmalı, idarəetmə sistemi, insanların təbiətimizə münasibəti dəyişməlidir. Meşələrin mühafizəsinin hüquq mühafizə orqanlarına həvalə edilməsi də bu mənada alıb-aldatmaqdır. Bununla faktiki olaraq heç nə dəyişməyəcək”.
"Nazir müavininin belə bir layihə ilə çıxış etməsi onu göstərir ki, ETSN özünə aid işin öhdəsindən gələ bilmir”.
Bunu isə sayta açıqlamasında ekoloq Telman Zeynalov dedi:
"Meşələrin qırılması, məhv edilməsinə qarşı mübarizə aparmaq çətindir. Bu dağıdıcı proses əslində yerli icra hakimiyyətləri, yerli polis bölmələrinin əli ilə yuxarıdan idarə olunur. Ona görə də ETSN onlarla mübarizədə acizdir. Bu mənada meşələrin mühafizəsinin hüquq mühafizə orqanlarına həvalə edilməsi həmin sahədə mövcud olan özbaşınalığa son qoymayacaq. Bu layihə problemdən çıxış yolu deyil və korrupsiyaya xidmət edir”.
Rüfət Sultan