Xəbər lenti

Bu, öz-özlüyündə 44 günlük müharibənin davamıdır - Böyük Qayıdış
Siyasət 13:20 08.07.2022

Bu, öz-özlüyündə 44 günlük müharibənin davamıdır - Böyük Qayıdış

(Yazı "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusu üzrə hazırlanıb)

Azərbaycanın 44 günlük müharibədən əldə etdiyi möhtəşəm qələbədən artıq 20 aya yaxın vaxt keçib. Hazırda azad edilmiş ərazilərlə bağlı əsas məsələ həmin yerlərin bərpası və əhalinin geri qayıdışıdır. Bunun üçün də artıq xeyli müddətdir ərazidə böyük quruculuq işləri aparılır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Böyük Qayıdış prosesi keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. Onlar layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar.
Artıq Böyük Qayıdış istiqamətində bir sıra işlər də görülüb. Bəzi ərazilərə yollar çəkilib. Ərazidə kommunal xidmətin təmini istiqamətində də müəyyən addımlar atılıb. Bir sıra yerlərdə aeroportlar tikilib və tikilir. Ən əsası ərazinin minalardan təmizlənməsi prosesi sürətlə gedir. Bərpa prosesinə xarici şirkətlər də dəvət olunub. Artıq Türkiyə, Pakistan və İtaliyadan olan bir sıra şirkətlər bu istiqamətdə fəaliyyətə başlayıblar. 

Bir sözlə, müharibədə möhtəşəm qələbə əldə edən Azərbaycan xalqı gələcək illərdə də sarsılmaz birlik nümayiş etdirməklə azad edilmiş torpaqlarımızın abadlaşdırılmasına da nail olacaq. 

"Böyük Qayıdış” prosesini Qaynarinfo-ya şərh edən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirir ki, Qarabağda görülən hər bir iş millətimizin gələcəyi, orada möhkəmlənməsi, tarixən silinmiş yerdən təzədən Vətən, dövlət qurmaq üçündür:
 


"Azərbaycan xalqı üçün "Böyük Qayıdış” məhz Vətən müharibəsinin ərsəyə gətirdiyi termindir. O üzdən əslində qələbəmizin biri də budur. Dilimiz öz zənginliyini bu anlamda da bərpa etdi. 2020-ci ilin noyabrın 20-də ölkə rəhbəri tərəfindən xüsusi əlaqələndirmə qərargahı yaradıldı. Prezident Adminstrasiyasının şöbə müdirləri, Prezident köməkçiləri, Baş nazir və müavinləri bu qərargahda təmsil olunur. Burada əsas məqamlardan biri Kəlbəcərdən Zəngilana qədər böyük bir ərazidə ilk növbədə qələbəmizin yekunu olaraq sərhəd xətlərinin vurulması, hərbi postların yaradılması və qayıdış üçün ərazidə təhlükəsiz mühitin meydana gətirilməsidir. Belə bir şəraitdə ölkə rəhbəri sadəcə insanlar üçün dönüşün infrastrukturunu yaratmır, eləcə də, Qarabağın landşaftını dəyişir. 
Bu da öz-özlüyündə 44 günlük müharibənin davamıdır. Burada həyata keçirilən inşaat tədbirlərinə ölkənin digər bölgələrində anoloji tədbirlərlə eyni ölçüdə yanaşmaq olmaz”. 

Deputat qeyd edir ki, hərbi savaşdan keçən, 30 illik işğala son qoyan, dünya üçün ədalət nümunəsi formalaşdıran bir millət, dövlət qayıdışda da ilkdir, təkdir:
"Arzulayırıq ki, başqa xalqlar da Azərbaycanın nümunəsində bütövlüklərinə və qayıdışa qovuşsunlar. Qarabağ keçən əsrin 80-ci illərin sonlarında SSRİ-nin dağılması üçün təkanverici qurğu olduğu kimi, "Böyük Qayısdış” da dünyada birlik, təhlükəsizlik və sülh üçün yaxşı nümunədir.

Qarabağ öz-özlüyündə müəyyən məkan olaraq yalnız özünün çərçivəsini deyil, həm də Azərbaycanın yenilənməsini, təzələnməsini, bütün sahələr üzrə siyasətinin yenidən quruculuğunu ifadə edə bilən bir məkandır. Yəni oradakı tədbirlər vasitəsilə ölkənin digər ərazilərindəki problemlərin də çözümünü təmin edəcəyik. 
Qayıdış konsepsiyası İlham Əliyevin liderliyinin ən böyük əsəridir. Onun xalq və millətilə həmin məkanlarda bərabər olmaq, hər bir kənd və qəsəbəyə dönüşün açılışını etmək, onu ölkənin iqtisadi, sosial, siyasi həyatının dövriyyəsinə daxil etmək hədəfləri var. Bu öz-özlüyündə prezidentlikdən də uca tədbirlərdir. Hərbi savaşdan keçən, 30 illik işğala son qoyan, dünya üçün ədalət nümunəsi formalaşdıran bir millət, dövlət qayıdışda da hələ ki, təkdir.
 
Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->