Ekonomiks 16:02 23.03.2023

"Bu qərar Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olacaq" - Ekspert

"FED-in bu addımı Azərbaycanda valyuta ehtiyatlarının artımına rəvac verəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında maliyyə-bank eksperti Əkrəm Həsənov FED-in uçot dərəcəsini 4,75-dən 5,0 faizədək artırılması qərarına münasibət bildirərkən deyib.

"FED-in uçot dərəcəsini qaldırmasının Azərbaycana hər hansı mənfi təsiri olmayacaq. Çünki dolların bahalaşması həmin valyuta ilə satılan malların, xidmətlərin də bahalaşması demək olacaq. Bu halda neftin qiyməti bahalaşmasa da, ən azından sabit qalacaq. Belə vəziyyət isə Azərbaycan kimi dövlətlərdə valyuta ehtiyatlarının artımına gətirib çıxarır. Manat dollarla müqayisədə ucuzlaşmır. Amma digər valyutalara nisbətdə bahalaşa bilər. Həmin valyutalar dollara nisbətdə ucuzlaşarsa, deməli manata nisbətdə də ucuzlaşacaq. Belədə, Azərbaycan üçün həmin ölkələrdən gətirilən malların ucuzlaşması gözlənilir”, deyə ekspert qeyd edib.
 


Həmsöhbətimiz bildirib ki, FED-in uçot dərəcəsini qaldırması inflyasiya ilə mübarizə məqsədi daşıyır: 

"Hazırda dünyada qiymət artımı müşahidə edilir. Belə vəziyyətdə FED-in faiz dərəcəsini qaldırması artıq onun banklara daha yüksək faizlə kredit verəcəyi anlamına gəlir. Bu isə o deməkdir ki, banklar mərkəzi bankdan daha az miqdarda kredit götürəcək. Öz növbəsində banklar da kredit verərkən faiz dərəcəsini artıracaq ki, nəticədə onlardan da kredit götürənlər az olacaq. Son nəticədə dövriyyədə pul həcmi azalacaq. Azalma isə öz növbəsində qiymət artımının qarşısını alacaq”.

Ekspert qeyd edib ki, atılan addımla dollar digər valyutalara nisbətdə bahalaşacaq: 

"Uçot dərəcəsinin artırılması dolların daha da bahalaşmasına səbəb olacaq. Çünki faiz dərəcəsinin artımı ilə həmin valyutada pul həcmi azalır və ona ehtiyac daha çox olur. Həmçinin, kimsə pulunu dollarla qiymətli kağıza yerləşdirməklə daha çox faiz əldə edir. FED-in ardınca hansı ölkə uçot dərəcəsinin artımı istiqamətində anoloji addım atmasa, dollar həmin ölkənin valyutasına nisbətdə bahalaşacaq”.
 
Qeyd edək ki, martın 22-də ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul edib. Bununla ABŞ-da uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir.

FED artım qərarını ABŞ-da inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib. Belə ki, ABŞ-da illik inflyasiya dərəcəsi 6,0 faiz nisbətində olub. 

Rüfət Sultan