Azərbaycanda tütün məmulatlarının topdan nağd pulla satışına qadağa qoyulub. Bu qərardan sonra paytaxtda və bölgələrdə siqaret qıtlığı yaranıb. Təbii ki, bu da bəzi işbazlar tərəfindən süni qiymət artımına şərait yaradıb.
Bəs, siqaretin nağdsız satışı hansı çətinliklər yarada bilər və ya hansı üstünlükləri var? Bu suallara cavab tapmaq üçün Qaynar.info iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxlayıb.
Ekspertin sözlərinə görə, hələ Azərbaycanda kart vasitəsiylə nəğdsiz alış-veriş etmək mədəniyyəti formalaşmayıb: "Bir müddət bundan öncə, spirtli içkilərlə də bağlı anoloji qərar qəbul edilmişdi. Amma bir neçə gündən sonra ləğv edildi. Bu qərar qəbul və ya ləğv olunarkən, hökümət üzvlərindən heç kim bunun məntiqini izah etmədi. Qərar niyə qəbul edilir və niyə ləğv olunur? Həmin səhv yenidən təkrarlanır. Heç bir izahat olmadan bir günün içində qərar verilir. Bu qərarın bünövrəsinin hazırlığı yoxlanılmadan, mağazalar və iş adamları ilə məsləhət olmadan qərar qəbul olunur. Nəticədə siqaret qıtlığı yaranır və qiymət artır.
Ekspertin fikrincə, bu qərardan sonra siqaret qıtlığı yaranacaq və bunun nəticəsində qiymətlər qalxacaq: "Bu hadisənin öncədən baş verəcəyini görmək çox asan bir məsələ idi. Çox güman ki, bir müddət sonra bu qərar yenidən dəyişəcək. Çünki mağazaların bu şəkildə fəaliyyət göstərmək üçün şəraiti yoxdur.
Əslində ölkə iqtisadiyyatında şəffaflıq olsa, bu problem də meydana çıxmazdı. Çünki dünyanın hər yerində qəzetdən tutmuş avtomobilə qədər hər şeyi kartla almaq mümkündür. Azərbaycanda isə hələ kart vasitəsiylə nağdsiz alış-veriş etmək mədəniyyəti formalaşmayıb. Bunun əsas səbəblərindən biri ölkədə şəffaf iqtisadiyyat modelinin olmamasıdır. Bu problemlərin kökü, səbəbləri həll olmadan nəticə ilə mübarizə aparmağa və dövriyinin artırılmasına çalışırlar. Bu səbəblər həll olunmadan indiki vəziyətin düzəlməsi və bir irəliləyişə nail olunması təssüf ki, mümkün görünmür. Qeyd etdiyim kimi, bu qərara da bir müddət sonra baxıla bilər".
Qafqaz Rafiqoğlu
Qaynar.info