Ekonomiks 10:03 11.01.2023

Bu şəxslər maaşdan əlavə 600 manat birdəfəlik müavinət alacaq

"Qarabağda çalışanlara maaşlarından əlavə 600 manat müavinət ödəniləcək”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu aydan qüvvəyə minən Əmək Məcəlləsindəki yeni dəyişikliklərdən danışarkən deyib.
 
O bildirib ki, yeni dəyişikliklər işğaldan azad olunan ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur:

"Belə ki, dəyişikliklərə əsasən, Əmək Məcəlləsinə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi  əsasında işləyən işçilər bu kateqoriyaya daxil ediləcək. Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, hər il 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar”.

Deputat bildirib ki, işğaldan azad edilmiş əraziləridə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq:

"Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq. Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək”.

Vüqar Bayramov əlavə edib ki, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlaırmız artıq maaşına əlavənin hesablanması hər il 600 manat birdəfəlik müavinətin alınması hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək.
 
Bahar Rüstəmli