Xəbər lenti

Siyasət 17:15 24.11.2023

"Bu tədbir Azərbaycanın artan nüfuzunun göstəricisidir" (ŞƏRH)

"Belə tədbirlər Qərbi Azərbaycanı təkləmək taktikasından imtina etməyə məcbur edəcək. Sülh sazişi qısa müddətdə Bakının təklif etdiyi formatlardan birində imzalanacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə Bakıda keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” sərgisinin ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Politoloq qeyd edib ki, son aylar Azərbaycanın qazandığı nailiyyətlərdən narahat olan ABŞ və onun Qərbdəki müttəfiqləri dövlətimizi təkləməyə və Azərbaycanın təkləndiyi təəssüratını yaratmağa cəhd göstərirlər:
 


"Qeyd edirlər ki, sülh sazişinin imzalanmasının ləngiməsi guya Azərbaycanın günahı üzündən baş verib”.

Ekspertin sözlərinə görə, hətta iddia edirlər ki, guya Bakı sülh istəmir:

"Ermənistan yalnız Qərb platformasında məsələni müzakirə edəcəklərini deyir və təklif olunan digər variantlardan imtina edir. Türkiyə Prezidenti  Ərdoğan dördlük formatında görüş keçirməyi təklif edib. Sonra Azərbaycan Prezidenti Gürcüstan variantını təklif etdi. Hər ikisinə Ermənistan cavab vermədi. 3+3 formatı meydana çıxdı, amma onun Tehran sammitində İrəvan sülh sazişini müzakirə etməkdən qəti şəkildə imtina etdi. Azərbaycanın sülh sazişi üçün sərhəddə görüş təklifi də hələlik qəbul olunmayıb”. 

Həmsöhbətimiz qeyd edib ki, Bakıda keçirilən tədbirdə Orta Asiya ölkələri, habelə Gürcüstan və Macarıstan liderləri, habelə bir sıra beynəlxalq təşkilat təmsilçilərinin iştirakı Azərbaycanın artan nüfuzunun göstəricisidir: 

"Bu həm də həmin ölkələr arasında Azərbaycan Prezidentinin geniş nüfuza malik olduğunun göstəricisidir. Bu həm də Qərbin Azərbaycanı təkləyə bilməyəcəyinin nümayişidir. Bu sayaq tədbirlər güman edirəm ki, Qərbi Azərbaycanı təkləmək taktikasından imtina etməyə məcbur edəcək və sülh sazişinin qısa müddətdə Bakının təklif etdiyi formatlardan birində imzalanmasına gətirib çıxaracaq. Nəticədə, Qərb dövlətləri də mövcud reallaqlarla barışmaq məcburiyyətində qalacaqlar”.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən "SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgi keçirilir. Bu gün də Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü baş tutub. Bu məqsədlə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan və Macarıstan rəhbərləri Bakıya gəliblər. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->