İdman 16:33 01.02.2022

Budo üzrə ölkə birinciliyi keçirilib

Dünən Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə budo döyüş növü üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib.

Qaynarinfo xəbər verir ki, üç gün davam edən respublika birinciliyində Astara, Lənkəran, Göyçay, İmişli, Goranboy, Tovuz, Ağdaş, Ağdam, Füzuli, Yevlax, Bərdə, İsmayıllı və Şəki rayonlarının idman klubları, Bakı şəhərinin 4 komandası, ümumilikdə, 147 idmançı fəxri yerlər uğrunda mübarizə aparıb.

Klubun məşqçiləri Babayev İlkin ve Əsədli Seyhunun rəhbərliyi altında Qaradağ Rayonu Qızıldaş qəsəbəsini təmsil edən "Combat Fight Club" un 14 idmançısı da yarışda öz güclərini sınayıblar. Bu idmançılardan yeddisi 1-ci, ikisi 2-ci, beşi isə 3-cü yerə layiq görülüblər. 

Müxtəlif çəki dərəcələrində fəxri yerlərə sahib olan idmançılara Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təsis etdiyi diplomlar və medallar təqdim edilib.

Azərbaycan Budo Döyüş Növləri Federasiyasının prezidenti Faiq Rəfiyev, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, yarışın baş hakimi Məhəmməd Babayev, hakim Səbuhi Vəliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri klubunun nümayəndəsi Ramiq Rəhmanov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışaraq, yarış iştirakçılarına uğurlar arzulayıblar.