
Avqustun 17-ə «Bulla-dəniz» qaz yatağındakı 90 nömrəli quyuda baş verən yanğının söndürülməsi iki aydan çox çəkdi.
Gündə yüzminlərlə ziyan vuran yanğın Azərbaycan Dövlət Neft Şirkətinin, ABŞ-ın «Boots & Coots» servis şirkəti mütəxəssislərinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin qüvvələrinin birgə səyləri nəticəsində söndürülüb. Hazırda quyunun bərpası işləri həyata keçirilir.
Bu yaxınlarda ARDNŞ rəhbərliyi tərəfindən yanğının qarşısının alınmasında fərqlənmiş DSX hərbi qulluqçularını mükafatlandırılıb. Mükafatlandırma zamanı yanğının üzmə vasitələrinə quyuya yaxınlaşmağa imkan vermədiyi, yüksək hava hərarəti və hədəfin görünməzliyi şəraitində açılmış sərrast atəşlər nəticəsində quyunun ağzında yanğının söndürülməsinə imkan verməyən avadanlıqlardan təmizlənilməsi nəzərə alınıb. Bu tapşırığın yerinə yetirilməsində DSX-nın şəxsi heyətinin yüksək peşəkarlıq, məharət və fədakarlıq nümayiş etdirməsi, nəticə etibarilə Xəzər dənizinin ekologiyasına, həmçinin dövlət büdcəsinə dəyə biləcək külli miqdarda ziyanın qarşısının alınması xüsusi qeyd olunub.
DSX-nın 17 hərbi qulluqçusu ARDNŞ-in fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Amma yanğının söndürülməsində iştirak edən hər kəsin əməyi qiymətləndirilməyib. Mütəxəssislərin diqqətdən kənarda qalması onların incikliyinə səbəb olub. Taryel Faziloğlu adlı vətəndaş facebook səhifəsində yanğının söndürülməsinin onun atasının çəkdiyi «çertyoj» əsasında aparıldığını bildirib. Tariyel yazır: «Atam Vəliyev Fazil mühəndisdir. Neft Maşınqayırma Zavodunun texniki-nəzarət şöbəsinin əməkdaşıdır. «Bulla-Dəniz» yatadığındakı kəşfiyyat quyusunda baş verən yanğının söndürülməsinə, Dövlət Neft Şirkəti atamın işlədiyi zavodu da cəlb edib. Eyni zamanda kəşfiyyat quyusunun qazıntı işləri ABŞ istehsalı olan cihazlardan istifadə olunduğuna görə, bu ölkədən mütəxəssislər də dəvət olundu. Amma ABŞ-dan çox baha qiymətə gətirilən avadanlıqlar heç quyuya otuzdurulmadan təzyiqdən əriyib. Beləliklə, hər üç yerin mütəxəssisləri ilə birlikdə quyunu bağlamaq üçün müxtəlif variantlar üzərində işləməyə başlayıblar. Neçə dəfə başqa-başqa cihazlarla quyunu bağlamaq istəsələr də heç biri uğurlu olmayıb. Onlar yaranan təzyiqə tab gətirməyərək sıradan çıxıb. Axırda atamın təklif ediyi xəritədən, onun layihəsi əsasında və birbaşa nəzarəti altında hazırlanan cihazla quyunu bağlamaq mümkün olub. Bundan sonra yanğın oktyabrın 24-də söndürülüb. Buna görə atama təşəkkür edərkən mənə çox pis təsir edən söz dedi. Dedi ki, sən ilk adamsan ki, mənə buna görə təşəkkür etdin. Soruşanda ki, bəs işdə və ya Neft Şirkətindən kimsə təşəkkür etmədimi. Bildirdi ki, heç yadlarına da düşmədi. Mən də «sən bunu dövlətin, millətin üçün etmisən, onların diqqətsizliyinə çox fikir vermə» dedim, atam da mənimlə razılaşdı.
Amma eşidəndə ki, quyunun bağlanmasına görə, bir siyahı adamı mükafatlandırıblar və bu siyahıda atamın adı yoxdur, yenə onu heç yadlarına da salmayıblar, artıq dözmədim və bunu yazdım…»
T.Faziloğlu bir insanın əməyinin, əqli məhsulunun mənimsənilməsini qeyri-etik hərəkət adlandırır.
Onun bu müraciətindən sonra Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı ilə birgə məsələni araşdırmağa çalışdıq.
Təşkilatın ARDNŞ-a sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Neft Şirkənin nə belə zavodu, nə də işçisi var.
Biz də araşdırma apararkən məlum oldu ki, Bakı Neft Maşınqayırma Zavodu 2009-cu ildə 3 zavodun birləşməsi nəticəsində yaranıb. Hazırda «Azneftkimyamaş» ASC-nin tabeliyindədir.
T.Faziloğlu isə «Bizim Yol»a bildirdi ki, ARDNŞ zavodu necə tanımaya bilər ki, əsas sifarişçisidir: «Həmin yanğın prosesinin söndürülməsində zavodun bi neçə işçisi, habelə atam da cəlb olunmuşdu. Onları iki ay evə buraxmayıblar. Həftədə bir-iki dəfə evə gələ bilirdilər. Onları elə ağır şəraitdə işlətdilər… Xarici və Dövlət Neft Şirkətinin mütəxəssisləri bütün günü zavodda olurdular, necə yəni tanımırlar? Atama gördüyü işinin qarışılığında heç «sağ ol» da demədilər».
T.Faziloğlundan onu da öyrəndik ki, zavodun işçilərinin o cür ağır əməyinin qarşılığında heç bir əlavə ödəniş etməyiblər. Yalnız maaşlarını verməklə kifayətləniblər. Halbuki, xaricdən cəlb edilən mütəxəssislərə böyük həcmdən qonorar ödənilib.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı burada ciddi qanun pozuntusu olduğunu dedi: «Burada günah zavodun üzərindədir. Zavod Dövlət Neft Şirkəti ilə müqavilə bağlamalı idi. Əgər işçilərin başına bir hadisə gəlsəydi zavod böyük məsuliyyət daşıyırdı. Əmək Müfəttişliyi prosesə diqqət yetirməlidir. Onların mükafatlandırılmasından öncə zavod tərəfindən cəlb edilən işçilər üçün həmin günlərə görə iki qat əməkhaqqı ödənilməlidir». /”Bizim yol” qəzeti/