"Ölkə rəhbərinin Kəlbəcər və Laçına səfəri strateji əhəmiyyət daşıyır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin və birinci vitse-prezidenti Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərləri Azərbaycanın gücünü və azad olunmuş torpaqlarını daha qısa zamanda bəpa etmək potensialını da göstərir:
"Kəlbəcər və Laçın iqtisadi baxımdan Azərbaycan üçün vacib rayonlardandır. Nəzərə alaq ki, Kəlbəcər təbii ehtiyatlarına görə seçilən bölgələrimizdəndir və eyni zamanda Cənubi Qafqazda turizm potensialı böyük olan, potensialına görə seçilən rayondur. Xüsusən də Kəlbəcər Cənubi Qafqazda çox azsaylı şəhərlərdən biridir ki, fasiləsiz turizm xidməti təklif etmək imkanına malikdir. Söhbət yay-qış, tarixi-dini, o cümlədən mədəni sağlamlıq turizm sahələrindən gedir. Kəlbəcər və Laçının böyük potensialı hər iki rayonun bərpa və yenidənqurma prosesindən sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhvə vermək imkanına malik olacaq. Digər tərəfdən Azərbaycan Prezidentinin iştirakı ilə təməlqoyma mərasimləri həyata keçirildi. Həm Kəlbəcər və Laçın arasında, həm bütövlükdə Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması və inkişafı, eləcə də Laçında beynəlxalq hava limanın inşasına başlanması ondan xəbər verir ki, hər iki rayon növbəti dövrlərdə strateji əhəmiyyətini daha da artıracaq. Laçında inşa edilən hava limanı bütövlükdə bölgənin potensialının təqdim edilməsi, həm də regionda təhlükəsizliyin formalaşdırılması baxımından vacibdir. Bu əslində regional təhlükəsizliyə dəstək və töhvədir”.
Vüqar Bayramov bildirib ki, hər iki bölgənin turizm potensialı böyükdür:
"Bu Laçında olan hava limanının rentabelli işləməsinə və iqtisadi baxımdan bölgənin inkişafına xüsusi imkan verəcək. Çünki bu beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi deməkdir, həmin ərazidə istehsal edilən qeyri-neft məhsullarının daha böyük bazarlara çıxarılması deməkdir. Bu baxımdan formalaşmaqda olan infrastruktur növbəti mərhələdə hər iki rayonumuzun bərpa və yenidən qurulması prosesinin sürətlənməsinə və eyni zamanda Kəlbəcərlə Laçının Azərbaycan iqtisadiyyatındakı payının daha da artırılmasına imkan verəcək”.
Bahar Rüstəmli