Xəbər lenti

Bunu edənlər 200 manatadək cərimə ediləcək
Ölkə 13:30 12.03.2026

Bunu edənlər 200 manatadək cərimə ediləcək

Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və yeni cərimələr tətbiq ediləcək.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bugünkü videokonfrans formatında birgə iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, dilənçiliklə məşğul olma əməli avaralıq hesab edilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, avaralıqla məşğul olmağa görə vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbs tətbiq edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq ediləcək və ya 20 manatdan 25 manatadək məbləğdə cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.

Burada "avaralıqla məşğul olan” dedikdə müəyyən yaşayış yeri və yaşamağa vəsaiti olmayan, hər hansı ictimai faydalı işlə və ya peşə fəaliyyəti ilə məşğul olmayan ("Məşğulluq haqqında” Qanunla müəyyən edilmiş qaydada işaxtaran və ya işsiz kimi qeydiyyata alınmış şəxslər istisna olmaqla), mütəmadi olaraq xırda oğurluq və ya dilənçilik yolu ilə dolanan şəxslər başa düşülür.//Trend

--> -->