“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı 10 oyunluq cəzaya münasibət bildirib.
Azərbaycan kubokunun 1/2 final mərhələsinin bu gün “Qarabağ”a qarşı keçirilən oyunundan sonrakı mətbuat konfransında o bildirib ki, cəza həddindən artıq sərtdir.
“Mən bu cəzanı “Qarabağ”la son çempionat oyunundan sonra səsləndirdiyim fikirlərə görə yox, Berti Foqtsun Araz Abdullayev və Asif Məmmədovu nə üçün milliyə dəvət etməməsi ilə bağlı dediklərimə görə almışam. Bu, Azərbaycan futbolu tarixində görünməyən cəzadır. Ağasəlim Mircavadov kimi heç kimə kəllə atmamışam, Fatih Terimin etdiklərini təkrarlamamışam ki, belə cəza çıxarılır” – deyə B.Hacıyev vurğulayıb.
B.Hacıyev qeyd edib ki, “Neftçi” kimi komandada çalışmaqdan qürur duyur: “Sevinirəm ki, burada Sadıq Sadıqov kimi insanlarla işləyirəm”. //qol.az